Təhsil naziri: “Strategiyanın proqramı 6 aya müəyyən olunacaq”

Təhsil naziri: “Strategiyanın proqramı 6 aya müəyyən olunacaq”
  25 Oktyabr 2013    Oxunub:1290
Mikayıl Cabbarov Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.
Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 24-də prezident İlham Əliyevin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncamı ilə bağlı danışıb.

AzVision.az-ın məlumatına görə, nazir Dövlət Strategiyası Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva edir: “Təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı -"qara qızılı insan qızılına çevirək" fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur. Azərbaycanın strateji təhsil, deməli, həm də inkişaf hədəflərini müəyyən edən bu sənədi imzaladığına görə Azərbaycan prezidenti cənab İlham Əliyevə təhsil ictimaiyyəti adından dərin təşəkkürümüzü bildirir və eyni zamanda bütün təhsil ictimaiyyətini ürəkdən təbrik edirəm.

Bu sənəd Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidini müəyyən edən beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyasından biz nə gözləyirik? İlk növbədə bu sənəd bizə təhsil sahəsində indiyədək mövcud olan vəziyyəti qiymətləndirməyə və qarşımızda duran yeni hədəfləri müəyyənləşdirməyə kömək edəcək.

Dövlət Strategiyasında qarşıya qoyulan əsas hədəf - milli-mənəvi dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşə malik olan, təşəbbüsləri dəyərləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən müasir təfəkkürlü və rəqabət qabiliyyətli insan resursları yetişdirməkdir. Həmçinin milli mənəvi dəyərləri qorumaqla yanaşı ümumbəşəri ideallara sahib çıxan yeni nəsil və innovasiyaları tətbiq edə bilən təhsil ənənəsi yaratmaqdır.

Təbii ki, qarşıya qoyulan məqsədlərə çatmaq böyük əzmkarlıq və inam tələb edir. Bu yol heç də asan yol deyil. Bəzən çox çətin və zəruri olan bu missiya cəmiyyətin insan kapitalının inkişafına səbəb olur ki, bu da sonda ölkəmizin dünyanın aparıcı ölkələri sırasına çıxması üçün zəmin yaradacaqdır.

Təsdiq olunan Dövlət Strategiyasına istinad edilməklə ehtiyac olduğu halda, təhsil qanunvericiliyi yenilənəcək, məzmun, idarəetmə və maddi-texniki təchizat baxımından köklü dəyişikliklərə imkan yaranacaqdır.

Bu konseptual sənədin fəaliyyət proqramı yaxın 6 ayda müəyyən olunacaq. Düşünürəm ki, biz - cəmiyyətin təhsili prioritet hesab edən bütün insanları ilə birlikdə bu fəaliyyət proqramını hazırlaya və təhsildə yeni yanaşmaları tətbiq edə biləcəyik. Bu hədəflərə isə birlikdə çalışmaqla çata bilərik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti