Prokurorluqdan mitinq XƏBƏRDARLIĞI

Prokurorluqdan mitinq XƏBƏRDARLIĞI
  26 Oktyabr 2013    Oxunub:1168
Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev sabah keçiriləcək mitinqlə bağlı Milli Şuraya xəbərdarlıq edib.

Baş Prokurorluqdan AzVision.az-a daxil olan məlumata görə, xəbərdarlıqda bildirilir:

“Siz, təşkilatçılar kimi Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək 27 oktyabr 2013-cü il tarixdə, saat 16.00-dan 18.00-dək Yasamal Rayon İdman Kompleksinin Stadionunda Prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak etmiş Cəmil Həsənlinin seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüş keçirilməsi üçün icazə verilməsini xahiş etmisiniz”.

Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubundan görünür ki, Sizin müraciətinizə müsbət cavab verilmiş və toplantının keçirilməsi zamanı «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaqla, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət olunması tövsiyyə olunmuşdur.

Sizə izah olunur ki, toplantının keçirilməsi zamanı «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada qətiyyətlə alınacaqdır. Belə hərəkətlər Azərbaycan Respublikası CM-nin 169 (toplantıları keçirmə qaydasını pozma), 220 (kütləvi iğtişaş) və 233-cü (ictimai qaydanın pozuntusuna səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə məsuliyyət yaratdığı nəzərinizə çatdırılır.

F.Həsənəliyev xəbərdalıq edərək bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış ərazidə və vaxtda toplantının keçirilməsi zamanı «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, kütləvi aksiyanın təşkilatçılarından biri kimi Sizin haqqınızda qanunda nəzərdə tutulmuş müvafiq təsir tədbirləri görüləcəkdir.

Mirvari



Teqlər:  





Xəbər lenti