Məhkəmə hakimi işdən çıxarıldı
Şurada son illər həyata keçirilən mütərəqqi məhkəmə islahatının ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərməsi, bir çox nöqsan və neqativ halların qarşısının qətiyyətlə alınması bildirilib, hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə, kobud qanun pozuntularına, habelə korrupsiyaya şərait yaradan hallara, hakim etikasının pozulmasına görə təkcə son üç ildə 30 hakimin məhkəmə sistemindən kənarlaşdırılması vurğulanıb.
Eyni zamanda dövlət başçısının andiçmə mərasimində proqram xarakterli çıxışı zamanı ölkəmizin gələcək inkişafı naminə qarşıda qoyduğu mühüm məsələlər və bu sahədə Məhkəmə-Hüquq Şurasının vəzifələri müzakirə edilib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, hakimlər tərəfindən Etik Davranış Kodeksinin tələblərinə dönmədən əməl edilməsi, vətəndaşlara daim qayğılı münasibət göstərilməsi və onların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması üzrə əlavə tədbirlər müəyyən olunub.
Həmçinin, iclasda Məhkəmə-Hüquq Şurasının 04.09.2013-cü il tarixli qərarı ilə Bakı Ağır cinayətlər məhkəməsinin hakimi Həsən Əliyev barədə başlanılmış intizam icratına baxılmış, kobud qanun pozuntularına, korrupsiyaya şərait yaradan hallara, etik davranış kodeksinin tələblərini pozmaqla, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə onun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.
AzVision.az