Məhərrəmlik fətvası verildi
Fətvada Aşura günü cari ilin noyabrın 14-nə təsadüf edir. Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətiylə QMİ-nin Qazilər Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir. Vurğulanıb ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli,qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.
Fətvada daha sonra vurğulanır: "Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili ən münasib əzədarlıq nümunəsi kimi örnək olmalıdır.
Ümidvarıq ki, inşaallah, dindarlarımız bu il də İmam Hüseyn (ə) təziyədarlığı zamanı humanist ənəni davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətinə daha dərindən dərk etməyə nail olacaqlar. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi yolunda şəhid olmuş xüsusən Qarabağ torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini yad edərək əziz tutan xalqımız torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin qorunub saxlanmasını təmin etmək yolunda daha artıq səy nümayiş etdirəcəkdir".
AzVision.az