“Ən böyük günahkar İsa Qəmbərdi” - İTTİHAM

“Ən böyük günahkar İsa Qəmbərdi” - İTTİHAM
  01 Noyabr 2013    Oxunub:1231
“Müxalifətin bir araya gəlməsinə İsa Qəmbər imkan verməyib”
Lalə Şövkətin lider olduğu Azərbaycan Liberal Partiyası (ALP) Müsavat Partiyasının ittihamlarına cavab verib.

ALP sədri Əvəz Temirxan AzVision.az-a açıqlamasında deyib ki, Müsavat Partiyası ilə Azərbaycan Liberal Partiyası arasındakı münasibətlərin pozulmasında başqan İsa Qəmbər və onun ətrafı günahkardır.
“Partiyanın sədri və onun yaxın ətrafı müxalifət daxilində təxribatlar və təfriqələrlə məşğuldur. Bu, bütün Müsavat Partiyasına aid deyil. Qeyd etdiyim kimi yalnız partiya sədri və onun yaxın ətrafı ilə bağlıdır. Onlar müxalifət adı ilə nəticə etibarı ilə iqtidara sərf edən addımlar atır. Biz isə Müsavatın bu fəaliyyətinin qarşısını həmişə almışıq və onları açıq-aşkar ifşa etmişik. Hadisələrin səbəbi budur”.
Ə.Temirxan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının da fikirlərinə münasibət bildirib. O hesab edir ki, Arif Hacılı özü və başqanı haqqında yüksək fikirdədir: “O, özü və başqanı haqqında çox yüksək fikirdədir. Onlar bizə güzəştə getməyib. Biz güzəştə getmişik ki, onlarla bir masa arxasında oturmuşuq, amma görünür ki, bu, özünü doğrultmayıb. Müxalifətdaxili pozuculuq fəaliyyəti ilə şəxsən İsa Qəmbər və onun yaxın ətrafı məşğuldur. 1993-cü ildən bu günədək”.

Partiya sədrinin fikrincə, müxalifətin bir araya gələ bilməməsi və vahid namizədin seçilə bilməməsində müsavat başqanı İsa Qəmbər günahkardır:

“Keçən ildən bu yana müxalifətin bir araya gəlməsinə İsa Qəmbər imkan verməyib. Biz vahid namizədi keçən ildən müəyyənləşdirməli idik”. Ə.Temirxan problemin həllini Müsavat başqanlığına partiyadan başqa birinin seçilməyində görür: “Bu, onların daxili işidir, bəlkə də mənim qarışmağıma ehtiyac yoxdur. Amma hesab edirəm ki, Müsavatın sədrliyinə partiyada olan çoxsaylı sağlam adamlardan biri gəlsə vəziyyət dəyişəcək. Bizim problemimiz Müsavat partiyası ilə deyil. Hətta bizim Müsavat başqanı və onun yaxın ətrafına qarşı da mənfi münasibətimiz yoxdur. Problem onların bizə qarşı düşmənçiliyindədir. Biz heç nəyi güzəştə getmirik, ona görə də onlar bu cür qıcıqlanır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti