Millimizin üzvü: “Bu, boş söhbətdir” – MÜSAHİBƏ

Millimizin üzvü: “Bu, boş söhbətdir” – MÜSAHİBƏ
  15 Noyabr 2013    Oxunub:1722
Bu gün AVRO-2015-in seçmə mərhələsində növbəti matçına çıxacaq Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası yerli futbol ictimaiyyətinin diqqəti özünə yönəlib. Təbii ki, Makedoniya yığması ilə səfər oyunöncəsi U-21-in son durumun necə olduğu maraq doğurur.
Makedoniya ilə matç ərəfəsində Bernhard Lippertin “drujinası” ilə bağlı son vəziyyəti öyrənmək üçün Olimpiya millimizin və “Neftçi”nin müdafiəçisi Tərlan Quliyev ilə əlaqə saxladıq. Onunla söhbətimiz zamanı həm sabahkı oyun haqda, həm də digər maraqlı məsələlər barədə danışdıq.

- Bu gün Makedoniya ilə səfər qarşılaşmasına çıxacaqsınız. Bakıdakı dueldə qapılara qol vurulmamışdı. Bugünkü matçdan nə gözləyirsiz?

- Oyuna ciddi hazırlaşmışıq. İnşallah, Bakıda məğlub edə bilmədiyimiz Makedoniya millisini səfərdə yenməyə çalışacağıq. Bildiyiniz kimi, Araz Abdullayevlə Qara Qarayev də U-21-in düşərgəsindədir ki, bunu da komandamız üçün əlavə üstünlük kimi qiymətləndirmək olar.

- Komandanın qeyri-sabit çıxış etməsini nə ilə əlaqələndirmək olar?

- Milli komandanın qeyri-sabit çıxış etməsini daha çox U-21-in üzvlərinin məxsus olduğu klublarda forma geymək şansı qazanmaması ilə əlaqələndirmək olar. Məsələn, mən sonuncu dəfə Topaz premier-liqasının 7-ci turunda “Sumqayıt”a qarşı 90 dəqiqə oynamışam ki, bu da oyun prkatikasının az olmasına zəmin yaradır.

- U-21-in üzvlərinin klublarında əsas heyətə düşməməsinin səbəbini oyunçuların potensialının aşağı olması ilə bağlaya bilərikmi?

- Yox, U-21-də xeyli sayda perspektivli futbolçular var, ammadediyim kimi, oyun praktikasından əziyyət çəkirik ki, bu da oyunumuza təsirsiz ötüşmür.

- Baş məşqçi Bernhard Lippert İsraillə oyundan sonra keçirilən mətbuat konfransında sizi xeyli tənqid etmişdi. Onun sözlərinə görə, sizin başınıza heç nə girmir. Bu fikirlə nə dərəcədə razısınız?

- Bu haqda heç nə demək istəmirəm. Hərənin öz fikiri var.

- Məhz İsraillə səfər matçından sonra belə bir söhbət yaranmışdı ki, millidə qruplaşma var və həmin qrup Lipperti istəmədiyindən komanda bilərəkdən uğursuz çıxış edir. Bu haqda nə deyərdiniz?

- Bu, boş söhbətdir. Belə bir şey ola bilməz. Ən əsası biz belə bir hərəkət etməyi özümüzə yaraşdırmarıq.

- Yeri gəlmişkən, siz Bernhard Lippertin vəzifəsində qalmasının, yoxsa onunla yolların ayrılmasının tərəfdarısınız?

- Mən Bernhard Lippertin postunda qalmasının tərəfdarıyam. Ümumiyyətlə, həm Lippertdən, həm də komandanın bütün məşqçilər heyətindən razıyam.

- Artıq komandamız qrup mərhələsində qapısında 10 top görüb. Siz müdafiəçisiniz. Adətən komanda çox top buraxırsa, qapıçı və müdafiəçilərin səhvi ilk növbədə ağla gəlir. Arxa xəttdə çıxış edən biri kimi öz oyununuzu necə qiymətləndirirsiniz?

- Nəzərə almaq lazımdır ki, həmin 10 topun 7-ni bir matçda qapımızda görmüşük.

- Bir oyunda 7 top buraxmaq da heç yaxşı hal deyil axı

- Düzdür, bunu yaxşı hal kimi qiymətləndirmək olmaz, amma hər halda, futbolda belə hallar olur. Əsas odur ki, səhvlərdən nəticə çıxara bilək.

- Səfərdə Norveçə qalib gələn komanda bütün azarkeşləri ümidləndirsə də, sonradan uğurun ardı gəlmədi. Ümumiyyətlə, komandanın qrupdan çıxmaq şansını necə görürsünüz?

- İlk növbədə Makedoniya qarşılaşmasından üç xalla ayrılmaq haqqında düşünürük. Amma ümumiyyətlə, qrupdan çıxmaq baxımından bu matçın əhəmiyyətinin böyük olduğunu düşünürəm.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti