İlham Əliyev Pakistan səfirini qəbul edib
AzVision.az xəbər verir ki, Azərbaycan ilə Pakistanın qardaş və dost ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə davam etdiyini dedi. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda dəstəkləməsinin önəmini qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın gələcək illərdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirdi.
Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin regional əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını dedi. Səfirə Azərbaycandakı diplomatik fəaliyyətinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək işlərində də uğurlar arzuladı.
Səfir İkramullah Məhsud ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı.
O, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi. Pakistanlı səfir ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.