DSMF-də Heydər Əliyev anılıb
Tədbirdə çıxış edən DSMF sədri Elman Mehdiyev Azərbaycan dövlətinin memarı və qurucusu böyük siyası xadim Heydər Əliyevin ölməz ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb . O vurğulayıb ki, Azərbaycan xalqının müstəqil dövlət quruculuğu kimi şərəfli tarixi vəzifəni yerinə yetirməsi bütün çətinliklərə öz dühası ilə qalib gələn böyük şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin milli inkişaf strategiyasının icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar qloballaşmanın diktə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların uğurla əlaqələndirilməsini təmin edib, ölkəmizin müasir inkişaf modelini formalaşdırıb. Bu modelin əsas mərkəzi həlqəsi və dövlət quruculuğu fəlsəfəsinin başlıca elementi sosial rifahdır.
DSMF sədri bildirib ki, dahi şəxsiyyətin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf siyasətinin onun varisi tərəfindən mövcud reallıqları nəzərə almaqla gerçəkləşdirilməsi nəticəsində Azərbaycanda insanlarımızın sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradılıb, beynəlxalq standartlar əsasında sosial müdafiə sistemi formalaşdırılıb.
Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü işlərdən danışıb.
Digər çıxış edənlər ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sığorta-pensiya islahatlarına toxunaraq, əmək pensiyaçılarının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlardan bəhs ediblər.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.