Yekaterinburqda Heydər Əliyevin xatirəsi anıldı
Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Soltan Qasımov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı danışıb, dahi siyasətçinin Azərbaycan dövlətinə rəhbərliyi, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə misilsiz xidmətlərindən söhbət açıb.
Sverdlovsk Vilayəti Qubernatoru Administrasiyasının rəhbəri, professor Vadim Dubiçev, Belarusun və Ukraynanın Yekaterinburqdakı baş konsulları Viktor Polyanin və Vladimir Bondarenko, Sverdlovsk vilayəti üzrə ombudsman Tatyana Merzlyakova və başqaları dahi lider Heydər Əliyevin xatirəsini dərin hörmətlə anaraq, onun təkcə Azərbaycan xalqının deyil, keçmiş sovet məkanının bütün xalqlarının yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Bildirildi ki, Heydər Əliyev dünya tarixində xalqına sonsuz məhəbbət bəsləyən, prinsipial, ədalətli, parlaq insani keyfiyyətlərə malik dövlət xadimi kimi qalacaqdır. Natiqlər Azərbaycan xalqının ümummilli liderinin cəmiyyətdə baş verən mənfi hallara qarşı daim barışmaz mövqeyini, habelə Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində xidmətlərini xüsusi vurğulayıb.
Teqlər: