Deputatlar Asiya Parlament Assambleyasının 6-cı iclasında
AzVision.az xəbər verir ki, Pakistanın paytaxtı İslamabad şəhərində Asiya Parlament Assambleyasının (APA) 6-cı iclası keçirilib. Tədbirdə Asiya qitəsinin 30-dan artıq ölkəsindən gələn dövlət strukturlarının nümayəndələri və deputatlar iştirak edib.
İclasda Azərbaycanı Milli Məclisin deputatları Mübariz Qurbanlı və Asəf Hacıyev təmsil ediblər.
Tədbirdə region ölkələri arasında azad ticarətin stimullaşdırılması, mühacirlərin və fələstinlilərin hüquqlarının qorunması, Əfqanıstanda sülh və sabitliyin təmin edilməsi, qitə dövlətləri arasında müxtəlif səpkili mübahisələrin dinc yolla həlli və digər aktual məsələlər müzakirə olunub.
İclasında Asəf Hacıyev çıxış edərək gündəlikdə duran məsələlərlə bağlı fikirlərini bildirib, Asiyada sülh və təhlükəsizliyin bərqərar olması üçün münaqişələrin həllinin vacibliyinə toxunub. A.Hacıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib, Ermənistanın torpaqlarımızı işğal etməsi, nəticədə bir milyon azərbaycanlının öz torpaqlarından didərgin salınması faktını diqqətə çatdırıb, Dağlıq Qarabağ münaqişəsinin qitədə sülhün və sabitliyin bərqərar olmasına qarşı ən böyük təhlükələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüququn norma və prinsiplər əsasında bərpa olunmalıdır. Milli Məclisin deputatı Azərbaycanın aparıcı enerji ölkələrindən biri olduğunu bildirərək, bununla yanaşı informasiya texnologiyalarının tətbiqinə də xüsusi önəm verdiyini diqqətə çatdırıb. Azərbaycan son illərdə davamlı iqtisadi inkişafa nail olaraq, yoxsulluğun səviyyəsi dəfələrlə aşağı salıb və Qafqazın lider dövlətinə çevrilib.
APA-nın 6-cı plenar iclasının yekununda İslamabad Bəyannaməsi qəbul edilib.
Assambleyanın növbəti iclasının Kambocada keçirilməsi qərara alınıb.
Teqlər: