Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi

Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi
  13 Dekabr 2013    Oxunub:1085
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri müzakirə edildi.
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunan rəhbəri səfir Malena Mord ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, görüşdə Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanması tərəflər arasında yeni mərhələnin başlanğıcı kimi xarakterizə olunmuş və nəzərdə tutulan ikitərəfli sənədlərin imzalanmasına dair danışıqların müvəffəqiyyətlə nəticələnəcəyinə ümid ifadə edilib.

Səfir Malena Mord təmsil etdiyi təşkilatın Azərbaycanı strateji tərəfdaş kimi qəbul etdiyini, Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin oynadığı rolu yüksək qiymətləndirdiyini və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Aİ arasında əməkdaşlığın perspektivlərindən danışan nazir Elmar Məmmədyarov Avratlantik məkana inteqrasiyanın ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olduğunu söylədi. Bununla yanaşı, Azərbaycan-Aİ münasibətlərinin inkişafında ölkəmizin milli maraqlarının qorunmasının əsas olduğunu qeyd edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan nazir Elmar Məmmədyarov beynəlxalq təşkilatların, eləcə də Aİ-nin bu problemin həllində ədalətli mövqe tutmasına və nizamlanma prosesinə real töhfələr verməsinə ehtiyac olduğunu bildirdi. Nazir Dağlıq Qarabağ münaqişəsinin region ölkələrinin inkişafı, ümumilikdə regiondaxili və regionlararası inteqrasiya üçün əsas maneə olduğunu qeyd etdi.


Teqlər:





Xəbər lenti