İranın “paytaxt” təxribatı – niyə Təbriz?
Tehranda 16 milyon əhalinin yaşaması, cinayətkarlığın yüksək səviyyəyə qalxması, avtomobil sıxlığı, ekoloji çirklənmənin mövcudluğu ölkə rəhbərliyini bu addımı atmağa vadar edən səbəblər kimi göstərilir.
Lakin bəzi ekspertlər hesab edilər ki, İranın paytaxtın Tehrandan Təbrizə köçürülməsi bu ölkədə yaşayan azərbaycanlılarla bağlıdır. Bu dəyişiklik Cənubi Azərbaycanla əlaqələndirirlər və paytaxtın Təbrizə köçürülməsi ilə soydaşlarımızın bölgədəki separatçılıq mövqelərinin qarşısını almaq məqsədi daşıdığını ehtimal edirlər. Bu iddiaların soydaşlarımıza yönəlik təxribat olduğu qaçılmazıdır.
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli iddiaları AzVision.az-a şərh edib. Ekspert hesab edir ki, İranın paytaxtının Tehrandan köçürülməsi inandırıcı görünmür.
Onun sözlərinə görə, paytaxtın köçürülməsi məsələsinin soydaşlarımızla əlaqələndirilməsi İranın növbəti təxribatı ola bilər.
“İnanmıram ki, İranın paytaxtı Tehrandan köçürülsün. Bu, kimlərinsə uydurduğu bir söhbətdir. Ölkənin paytaxtı ölkənin mərkəzində olmalıdır. Yəni coğrafi koordinatlarına görə, Tehran İran üçün ən əlverişli bir nöqtədir. Tarixən də İran dövlətində paytaxtlar dəyişib, Həmədan, Qəzvin, müvəqqəti olaraq Təbriz olub. Amma Tehran ən çox paytaxt statusunu qoruyan məkandır. Ona görə də paytaxtın köçürülməsinə inanmıram.
Güman edirəm ki, fars şovinizmi imkan verməz ki, paytaxt Tehrandan Təbrizə keçsin. Paytaxtın Təbriz olması bütövlükdə, İran təbiətinin dəyişməsinə gətirib çıxara bilər və birdən-birə İran dövlətinin azərbaycanlaşması üçün geniş perspektivlər aça bilər. Buna da farslar və ruslar qətiyyən razı ola bilməz. Bu nöqteyi-nəzərdən bunu rus mətbuatının dezinformasiyası kimi dəyərləndirirəm”.-deyə Q. Hüseynli bildirib.
Nihadə Eyyubova