19 yaşlı tələbənin müəmmalı ölümü- TƏFƏRRÜAT
Onun nə problemi ola bilərdi ki, özünü öldürsün? Bu sual ətrafında sosial şəbəkələrdə dünəndən bəri müzakirələr aparılsa da bu artıq realdır ki, Etibar həyatda yoxdur. O bu gün torpağa tapşırılacaq.
Etibarın intihar etməsinin səbəbi dəqiq bilinməsə də, sosial şəbəkələrdə bəzi iddialar irəli sürülür. Hətta, onun psixoloji durumunun yerində olmadığı və bu səbəbdən də həyatına qəsd etdiyi deyilir.
Etibarın, hələ ölümündən 3 gün öncə Facebook səhifəsində yazdığı status: "Sabah ya da birisi gün bəlkə getdim facebookdan. Özü də həmişəlik" intiharın qabaqcadan planlaşdırdığını deməyə əsas verir.
İntihar edən tələbənin dostu Murad Qafarov ilə əlaqə saxlayaraq onun ölümünün təfərrüatlarını öyrənməyə çalışdıq:
“Etibar intihar edənlərə lağ edərdi həmişə”
Murad Qafarov deyir ki, Etibar heç vaxt intihara meyl edən insanlardan olmayıb. O, heç vaxt intihar sözünü belə dilinə gətirməyib:
“Etibarın ölümünü eşidəndən şokdayam. Axırıncı dəfə 1 həftə bundan qabaq görüşmüşdük onunla. Etibar ümumiyyətlə, intihara cəhd edəcək biri deyildi. O, özünü öldürənlərə lağ edərdi həmişə, buna istehza ilə yanaşardı”.
“Etibar namaz qılırdı”
Dostu deyir ki, Etibarın üzündən gülüş əksik olmazdı. Heç vaxt biz dostları eşitməmişdik ki, onun hansısa problemi olsun.
“Mən hələ də inanmıram onun öldüyünə. Etibar özünə qəsd edəcək biri deyildi. Onu keçən ilin iyun ayından tanısam da, çox yaxın dost idik”.
Söhbət əsasında Muraddan onu da öyrəndik ki, Etibar insanların problemlərini həll etməyə həvəs göstərən birisi olub. “Bu günə kimi Etibarla dəfələrlə görüşmüşük, söhbət etmişik. Onun dilindən heç vaxt bir problemi olduğunu eşitməmişəm. Nə oxuduğu məktəbdə, nə də evlərində Etibarı narahat edən heç bir problemi yox idi”.
Mirvari Nəcəf