Bakı Limanının yük dövriyyəsi artıb

Bakı Limanının yük dövriyyəsi artıb
  18 Yanvar 2021    Oxunub:1399
2020-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) bütün xidmətlər üzrə nəzərə çarpacaq artım müşahidə olunub.
Bakı Limanından Azvision.az -a verilən məlumata görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda ümumi yükaşırmanın həcmi 4.8 milyon tondan çox olubdur ki, bu da 2019-ci ilin müvafiq göstəricisindən 20% çoxdur. Tranzit yüklərin payı ümumi yükaşırmanın 87%-ni təşkil edib.

2020-ci ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olmuşdur. Hesabat dövründə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən 28% artaraq 43 218 ədəd olub. Bunlardan 27 934 ədədi (65%) Bakı-Türkmənbaşı-Bakı, 15 284 ədədi isə (35%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edibdir. Aşırılan konteynerlərin sayında isə 15% artım qeydə alınıb və TEU ekvivalentində 40 345 konteynerə çatmışdır. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711.7 min ton təşkil edib.

Beləliklə, son 5 illə müqayisədə iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında isə aşırılan yüklərin həcmində 3,5 dəfə artım qeydə alınıb.

Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində qeydə alınıb. Belə ki, 2020-ci il aşırılan neft və neft məhsullarının həcmi 2019-cu ilə nisbətən 1,5 dəfə artaraq 498 577 ton təşkil edib.

Bakı Limanının Bərə terminalında vaqon aşırılmasında qismən azalma müşahidə olunub. Belə ki, 2019-cu ilə nisbətən 2020-ci ildə vaqon aşırılması 15% azalaraq 37 447 ədəd olub. Bunlardan, 19 761 vaqon Bakı-Türkmənbaşı-Bakı (53%), 17 686 vaqon isə Bakı-Kurık/Aktau-Bakı (47%) istiqamətində hərəkət edib.

2020-cu ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmalar səbəbindən sərnişin daşınmasında azalma olub və 25 609 nəfər təşkil edib.

Bakı Limanında peşəkar tibb personalı COVID-19 pandemiyası ilə bağlı analizlərin götürülməsini operativ şəkildə təşkil edib və analoji təcrübə ən çox xarici sürücülərin daxil olduğu “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində də tətbiq edilib. 2020-ci ildə 21 599 nəfər beynəlxalq yükdaşıma iştirakçısı (TIR sürücüsü), onlardan, 14 411 nəfəri Bakı Limanında, 7 188 nəfəri isə “Qırmızı Körpü”də COVID-19 testindən keçib.

Azvision.az



Teqlər: Bakı-Limanı  





Xəbər lenti