“Azəriqaz”: Qaz sızmaları aradan qaldırılır

“Azəriqaz”:  Qaz sızmaları aradan qaldırılır
  19 Yanvar 2021    Oxunub:2007
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi istismarda olan qaz kəmərlərində qaz sızmalarının aradan qaldırılması üçün mütəmadi tədbirlər icra edir.
“Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə, bundan başqa, nasaz qurğu və avadanlıqlar ətrafında da qaz sızmaları vaxtında aşkarlanır. Bu işlərin daha operativ və əvvəlcədən planlı tənzimlənməsi üçün əlavə qüvvələrin imkanlarından da istifadə edilir.

“Təmiz Qaz” QSC ilə əməkdaşlıq çərçivəsində il ərzində yeraltı və yerüstü qaz kəmərlərinə və kəmərlər üzərində olan qurğu və avadanlıqlara texniki baxış həyata keçirilir. “Təmiz Qaz”ın mobil işçi qrupları Bakı şəhəri və Abşeron rayonu üzrə gün ərzində 40-45 kilometr yeraltı, 200-245 kilometr yerüstü, o cümlədən aylıq olaraq 1 900 kilometr yeraltı və 7800 kilometr yerüstü qaz kəmərlərinə baxış keçirir.

Ölkə üzrə gün ərzində 300 kilometrdən çox yeraltı, 800 kilometrdən artıq yerüstü, o cümlədən aylıq olaraq 6 min kilometrdən çox yeraltı, 16 min kilometrdən artıq yerüstü qaz kəmərlərinə texniki baxış keçirilir. Yeraltı və yerüstü qaz kəmərlərində sızmaları “Təmiz Qaz”ın işçi qrupları aşkar edərək “Azəriqaz”a ötürür. Qaz kəmərlərinə texniki baxış zamanı aşkarlanan qaz sızmalarının aradan qaldırılması həm təhlükəsizlik baxımından, həm də abonentlərin fasiləsiz və keyfiyyətli şəkildə qaz təchizatında xüsusi önəm daşıyır.

“Azəriqaz”ın tədbirlər planı əsasında istismara yararsız qaz kəmərləri təmir edilir və ya yenilənir. Bundan başqa sayğaclaradək olan paylayıcı xətlər üzərindəki yivli birləşmələr ləğv edilərək əymələrlə əvəzlənir. Bu və ya digər tədbirlər qaz itkilərinin hiss olunacaq qədər azalmasına səbəb olur.

Hazırda ölkədə İstehsalat Birliyinin xidmət göstərdiyi qaz kəmərlərinin ümumi uzunluğu 70 min kilometrdir.

Azvision.az


Teqlər: Azəriqaz   Təmiz-Qaz  





Xəbər lenti