Azərbaycanla İran “Ordubad” və “Marazad”la bağlı anlaşdı

 Azərbaycanla İran “Ordubad” və “Marazad”la bağlı anlaşdı
  19 Yanvar 2021    Oxunub:1282
Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, iclasın yekununda Anlaşma Memorandumu imzalanıb.

İclas çərçivəsində iki ölkə arasında bir sıra görüşlər də keçirilib. İranın Yol və Şəhərsalma Nazirliyində keçirilən görüş zamanı ölkələrimiz arasında yol-nəqliyyat və yüklərin daşınması sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, xüsusilə dəmir yolu ilə yük daşımaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin imkanları araşdırılıb.

Energetika Nazirliyində keçirilən görüşdə ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin sinxronlaşdırılması və Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb. “Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər üzrə razılıq əldə olunub, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini Şahin Mustafayev görüşlər zamanı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, həmin ərazilərdə törədilmiş erməni vəhşiliyi, xüsusilə dini abidələrin dağıdılması və təhqir olunması ilə bağlı ətraflı məlumat vermiş, azad olunmuş ərazilərin tezliklə və tam bərpa ediləcəyini bildirib.

Azvision.az


Teqlər: İran   Azərbaycan   SES  





Xəbər lenti