"“Dostluq” yatağı Azərbaycanın gəlirlərini artıracaq" - Vüqar Bayramov

 "“Dostluq” yatağı Azərbaycanın gəlirlərini artıracaq" -  Vüqar Bayramov
  21 Yanvar 2021    Oxunub:3210
Xəzərin statusu müəyyənləşəndən sonra ən çox müzakirə edilən məsələlərdən biri də Azərbaycan-Türkmənistan arasındakı mübahisəli yatağın işlənməsi ilə bağlı idi. Bu məsələdə Azərbaycanın mövqeyi həmişə konstruktiv olub.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan yatağın birgə işləməsində maraqlarını dəfələrlə ifadə edib.

"Mübahisəli hesab edilən yataqlarda SSRİ dövründə Azərbaycan tərəfi enerji resurslarının hasilatı ilə məşğul olub. Ona görə bu mübahisəli yataqlarda Azərbaycanın birgə işləməsi olduqca vacib idi. Əvvəlki dövrdə bununla bağlı müzakirələr və görüşlər keçirilsə də razılıq əldə edilməmişdi. Xəzərin statusunun müəyyənləşdirilməsi bu istiqamətdə real addımların atılmasına imkan verdi".



Deputat qeyd edib ki, son razılıq həm bu gün mübahisəli hesab edilən yataqların birgə işlənməsi, həm də həmin yataqlardan gəlirin əldə edilməsi baxımından vacibdir:

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkənin gəlirlərinin artmasına imkan verəcək. Bunlar hər iki ölkənin valyuta ehtiyatlarına müsbət təsir göstərəcək. Digər tərəfdən, bu həm də, bütövlükdə Xəzər hövzəsində əməkdaşlıq platformasıdır. Azərbaycanla İran arasında mübahisəli yataqlarla bağlı müzakirələr gedir və bu istiqamətdə də Azərbaycan konstruktiv mövqeyini hər zaman nümayiş etdirib.

Düşünürəm ki, tərəflər arasında əldə edilən bu razılıq həm də Xəzərdə əməkdaşlıq platformasının gücləndirilməsinə xidmət edəcək. Nəticə etibarı ilə bundan tərəflər gəlir əldə edəcək. Ona görə də bu razılıq Azərbaycan və Türkmənistanın dövlət gəlirlərini artırmaqla yanaşı, həm də Xəzərdə əməkdaşlıqla bağlı formalaşmış platformanın gücləndirilməsinə imkan yaradaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan   Türkmənistan  





Xəbər lenti