“BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır”

 “BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır”
  27 Yanvar 2021    Oxunub:1436
Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının gələcəyi ilə bağlı ənənəvi hesabatını açıqlayıb. Fondun ekspertlərinin hesablamalarına əsasən qlobal iqtisadiyyat 2021-ci ildə 5,5 faiz, 2022-ci ildə isə 4,2 faiz artım nümayiş etdirəcək. Müvafiq artım tendensiyaları qlobal ticarətdə də davam edəcək və növbəti iki ildə müvafiq olaraq, 8,1 və 6,3 faizlik artım trendləri müşahidə olunacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov Azvision.az-a bildirib ki, qlobal səviyyədə fövqəladə qeyri-müəyyən vəziyyətə baxmayaraq, əvvəlki hesabatla müqayisədə iqtisadi artım proqnozları 0,3 faiz artırılıb:

"Bu isə xüsusi ilə də, dekabr ayından başlayaraq vaksinasiya proseslərinin güclənməsi ilə birgə nəhayət ki, pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar və ABŞ və Yaponiya kimi böyük iqtisadiyyatlarda ilin sonunda qəbul edilən iqtisadi dəstək siyasətləri ilə bağlıdır. Başa çatmaqda olan ilin göstəriciləri üzrə də qlobal iqtisadiyyatda azalma ötən ilin ikinci yarısında baş verən iqtisadi hadisələrə bağlı olaraq gözləniləndən 0,9 faiz daha az olub ki, bu da növbəti 2 il üzrə də artım gözləntiləri üçün yaxşı baza rolunu oynayır.

BVF-in hesablamalarına əsasən qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı artım göstəriciləri pandemiya ilə mübarizənin nəticələrindən asılı olaraq müəyyənləşəcək. Belə ki, qlobal miqyasda vaksinasiya və müalicə proseslərinin daha sürətli və uğurlu baş verməsi fonunda paralel olaraq karantin tədbirlərinin zəiflədilməsi istehlak, investisiyalar və məşğulluğun daha yüksək inkişafı ilə nəticələnə bilər".



A.Müseyibov qeyd edib ki, iqtisadi artım və böyümə proqnozları ölkələr üzrə fərqlidir və səhiyyə xidmətləri, dəstək siyasətləri və digər spesifik xüsusiyyətlərdən asılı olaraq dəyişir.

"Azərbaycanın da daxil olduğu inkişafda olan ölkələr qrupunda iqtisadi artımın mərhələli bərpası daha çox özünü göstərəcək. Belə ki, qrup ölkələrində növbəti iki ildə iqtisadi artım 6,3 və 5 faiz, ticarətin həcmi isə 9,2 və 6.7 faiz proqnozlaşdırılır. BVF-nin proqnozlarına görə mərkəzi banklar 2022-ci ilin sonunadək faiz dərəcəsi siyasətini müəyyən olunan dəhliz çəçivəsində saxlayacaqlar və inkişafda olan ölkələr üçün bu istiqamətdə maliyyə vəziyyəti daha da yaxşılaşacaq.

İnkişaf etmiş ölkələrdə inflyasiya göstəricilərinin hədəf diapozunu ötməyəcəyi və 1,5 faiz təşkil edəcəyi, inkişafda olan ölkələr üzrə də analoji trendin davam edərək 4 faiz üzərində olacağı və bu göstəricinin qrup ölkələri üçün tarixi minimum təşkil edəcəyi hesablamalarda öz əksini tapıb".

A.Müseyibovun sözlərinə görə, hesabatda diqqət çəkən mühüm bir məqam dünya əmtəə bazarlarında neft qiymətləri ilə bağlıdır.

"Qlobal yenidənbərpanın da təsirləri ilə müvafiq əmtəənin qiymətlərinin 2020-ci illə müqayisədə 21,2 faiz artacağı proqnozlaşdırılır. Brent, Dubay və WTI neftinin orta qiyməti əsasında hesablanan bu proqnozlarda 2021-ci ildə dünya bazarlarında neft qiymətlərinin 50 ABŞ dolları/barellə çatacağı proqnozlaşdırılıb ki, bu da oktyabr üzrə müvafiq proqnoz göstəricilərindən 4 ABŞ dolları/barell daha yüksək göstəricidir. Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı və smart iqtisadi modelin qurulması prioritet təşkil etsə də, indiki halda neft qiymətləri ilə bağlı pozitiv proqnozlar Azərbaycan iqtisadiyyatında iqtisadi artım drayverlərini tətikləyəcək.

Hesabatdan çıxan mühüm nəticələrdən biri də ondan ibarətdir ki, BVF-nin məlumatına əsasən inkişafda olan ölkələr pandemiya ilə mübarizə çərçivəsində ciddi borc problemləri ilə üzləşib. Buna müvafiq olaraq, hesabatda pandemiya ilə mübarizə aparılması məqsədi ilə qlobal miqyasda çoxvektorlu əməkdaşlıq siyasətinin qurulması, vaksinasiyaya bərabər çıxış imkanlarının təmin edilməsi və inkişafda olan ölkələrin artmaqda olan borc problemləri və gözlənilən likvidlik problemlərinə diqqət yönəldilir. Qeyd edək ki, bu baxımdan Azərbaycan pandemiya ilə mübarizəni yalnız öz daxili fiskal resursları hesabına təmin etməklə xarici borc səviyyəsinə görə ən yaxşı ölkələrdən biri kimi öz mövqeyini qoruyub saxladı.

Beləliklə, nüfuzlu beynəlxalq agentlik və təşkilatların proqnozları, həmçinin Qarabağın maddi və qeyri-maddi resursları ilə Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunması 2021-ci ildə ölkəmizi iqtisadi inkişaf meqatrendlərinin gözlədiyini göstərir", - deyə o qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Postpandemiya   İqtisadi-artım  





Xəbər lenti