Aksiz dərəcələri mərhələli şəkildə artırılacaq

   Aksiz dərəcələri mərhələli şəkildə artırılacaq
  27 Yanvar 2021    Oxunub:2850
Yanvarın 27-də Milli Məclisin İqtisadi siyasət komitəsinin onlayn formatda növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclası açan komitə sədri Tahir Mirkişili qeyd edib ki, gündəliyə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

Komitə sədri vurğulayıb ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqaməti ƏDV-dən müvəqqəti azad olması nəzərdə tutulmuş bir sıra mallar (işlər, xidmətlər) üzrə müddətin uzadılmasıdır. Aksizli mallar üzərində həyata keçirilən aksiz siyasətinin davam etdirilməsi məqsədilə aksizə cəlb olunan məhsullar və aksizli malların dərəcələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub. Eyni zamanda, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi və xüsusi təhlükəli xəstəliklərin yarada biləcəyi problemlərin qarşısının alınması, zərgərlik fəaliyyətinin inkişafı məqsədilə bir sıra məhsullar üzrə ƏDV-dən azadolma müddətinin uzadılması zərurəti yaranıb.

Onlayn iclasda iştirak edən Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qanun layihəsinə təklif olunan dəyişikliklərin mahiyyəti barədə geniş məlumat verib. O bildirib ki, Məcəllədə buğdanın, buğda ununun və çörəyin idxalı, satışı və istehsalı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdi. Bu azadolmanın müddəti 2021-ci il 1 yanvar tarixdə bitir. Layihəyə əsasən, bu mallara tətbiq olunan ƏDV-dən azadolmanın daha 1 il müddətinə artırılması təklif olunur. Həmçinin kəpəyin istehsalı və satışına tətbiq edilən, 2021-ci il mart ayının 1-ə qədər qüvvədə olan azadolmanın heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə daha 1 il müddətinə uzadılması nəzərdə tutulub.

Samirə Musayeva qeyd edib ki, sənədə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azadolma müddəti 2020-ci il yanvarın 1-də bitib. Bu proseslər hazırda da davam etdiyindən azadolma müddətinin daha 2 il müddətinə uzadılması məqbul hesab edilir. Eyni zamanda, publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi üzrə ƏDV-dən azadolma müddəti daha 1 il müddətinə artırılır.

DVX-nın rəis müavini zərgərlik sənayesində islahatların aparılması ilə bağlı bu sahədə aparılan azadolmaları da ətraflı izah edib. Qeyd edilib ki, zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların aksizdən azadolma müddətinin daha 3 il artırılması nəzərdə tutulur. Samirə Musayeva bildirib ki, Azərbaycanın uzun illər erməni işğalında olan Kəlbəcər rayonunun işğaldan azad edildiyini və böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alsaq, sözügedən vergi güzəştləri burada mövcud olan qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin edə biləcək. O vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin artırılması mərhələli şəkildə nəzərdə tutulur. Bu artırılmanın istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır.



Samirə Musayeva çıxışında tütün məmulatlarının aksizli malların siyahısına daxil edilməsi ilə bağlı məlumatları da təqdim edib. Bildirilib ki, bu məhsulların aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində ölkəmizdə ümumi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 min ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə görə 8 538 977 min ədədə qədər azalma müşahidə olunub. Tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin ödənişləri 2017-ci il üzrə 87 909 200 manat, 2020-ci ilin yanvar-noyabr ayları üzrə 473 554 500 manat təşkil edib.

Bu baxımdan səhiyyə təşkilatlarının tövsiyələri əsasında sağlamlığa zərər verən məhsulların istehlakının azaldılması üçün tütün məmulatlarının istehsalı və idxalı üzrə aksiz dərəcələrinin artırılması, bu məhsulların (trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, bütün növ qəlyanlar üçün nəzərdə tutulan, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün məhsulları) aksizli malların siyahısına daxil edilməsi təklif edilib.

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən komitə üzvləri Ziyad Səmədzadə, Əli Məsimli, Vüqar Bayramov, Anar Məmmədov, Mahir Abbaszadə, İqbal Məmmədov Məcəlləyə təklif olunan dəyişikliklər barədə fikirlərini bildiriblər.

Komitə sədri Tahir Mirkişili, DVX-nın rəis müavini Samirə Musayeva, DVX Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elvin Camalov deputatları maraqlandıran suallara aydınlıq gətiriblər.

Ətraflı müzakirələrdən sonra qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına baxılmaq üçün tövsiyə edilməsi qərara alınıb.

Onlayn iclasda komitənin digər üzvləri Ağalar Vəliyev, Məşhur Məmmədov, Rüfət Quliyev, Məzahir Əfəndiyev iştirak ediblər.

Azvision.az


Teqlər: MM   Komitə   İclas  





Xəbər lenti