“Dolların ucuzlaşması inandırıcı deyil” - İqtisadçı deputat

 “Dolların ucuzlaşması inandırıcı deyil” -  İqtisadçı deputat
  28 Yanvar 2021    Oxunub:2217
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) Ağ Evdə yeni administrasiyanın işə başlamasından sonra keçirilən ilk iclasında uçot dərəcəsinin 0-0,25 faiz səviyyəsində sabit saxlanması barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, okeanın o tayında siyasi gərginliyin səngiməsi, yeni administrasiyanın elan etdiyi iqtisadi təşəbbüslər və pandemiyanın lokallaşacağı ilə bağlı nikibinlik fonunda qlobal valyuta bazarında stabilləşmə müşahidə olunmağa başlayıb:

"2020-ci ilin ikinci yarısından etibarən səbət valyutalara, eləcə də avroya nisbətən dəyər itirən dolların məzənnəsində aparıcı pullara nisbətən cüzi olsa da möhkəmlənmə qeydə alınıb. Son proseslər göstərir ki, bir sıra beynəlxalq araşdırma qurumlarının bədbin proqnozlarına baxmayaraq, dolların səbət valyutalara nisbətən kəskin dəyər itirəcəyi gözlənilmir. Hətta ABŞ-da 900 milyard dollarlıq yardım paketinin təsdiqi də dolların kəskin ucuzlaşmasına səbəb olmadı. İnkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil. Yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır. Praktik olaraq, emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq qlobal bazarda investorların dollara inamı yüksək olaraq qalmaqdadır".



Deputat qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir:

"2020-ci ilin mart ayında regionda dollara tələbin artması zamanı valyuta bazarında intervensiya göstərdi ki, Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinin müəyyənləşdirilməsində həlledicidir. 2021-ci ildə də manatın aparıcı valyutalara nisbətən məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Son günlərədək dolların avroya nisbətən dəyərində azalmalar müşahidə olunsa da, bütövlükdə region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımdan sərfəli hesab olunmur. O baxımdan, 2021-ci ildə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman olunmur".

Azvision.az


Teqlər: Ekspert   Dollar   ABŞ  





Xəbər lenti