“Azərsu” rəsmisi qiymət artımını belə əsaslandırdı - VİDEO

  “Azərsu” rəsmisi qiymət artımını belə əsaslandırdı -    VİDEO
  01 Fevral 2021    Oxunub:4725
Optimal tariflər tətbiq olunduqdan sonra sudan qənaətlə istifadə edilə bilər.
Azvision.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin şöbə müdiri Elçin Camalov AzTV-nin "Hədəf" verlişində deyib.

"Beynəlxalq təcrübələrdə görürük ki, dünyanın əksər ölkələrində su qıtlığına qarşı mübarizənin ən yaxşı metodlarından biri tariflərin istifadəsidir. Optimal tariflər tətbiq olunduqdan sonra təbii sudan qənaətlə istifadə oluna bilər. Biz bunu son dövrdə Almaniya təcrübəsində görə bilərik. Hətta son 20-25 il ərzində Almaniya təcrübəsində resursların məhdudluğu şəraitində tariflərə baxılması, onların indeksasiya edilməsi nəticəsində adambaşına düşən gündəlik su norması 160 litrdən 125 litrə qədər enib" - deyə qurum rəsmisi bildirib.



Onun sözlərinə görə, hazırda ölkəmizdə adambaşına düşən gündəlik su norması 160 litrə yaxındır: "Azərbaycanda su resurslarının məhdud olmasını nəzərə alsaq, tariflərin optimallaşdırılması su normasının aşağı düşməsinə gətirib çıxara bilər".

Xatırladaq ki, yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiqlənib.

Azvision.az


Teqlər: Azərsu   Su  





Xəbər lenti