Azad olunan ərazilərin enerji ilə təminatı üçün hansı işlər görülüb?

  Azad olunan ərazilərin enerji ilə təminatı üçün hansı işlər görülüb?
  07 Fevral 2021    Oxunub:3150
Energetika Nazirliyi işğaldan azad olunan ərazilərin elektrik enerjisi ilə təminatı üçün görülən işləri açıqlayıb.
Azvision.az nazirliyə istinadla xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Prezident İlham Əliyevin 2020-ci il 29 oktyabr tarixli Fərmanından irəli gələn məsələlərin icrası ilə əlaqədar olaraq həmin əraziləri elektrik enerjisi ilə təmin etmək üçün “Azərişıq” ASC tərəfindən aşağıdakı işlər yerinə yetirilib:

- 35 kilovoltluq Tərtər-İsmayılbəyli hava xəttinin düşmən atəşi nəticəsində dağıdılmış 15 kilometrlik hissəsi yenidən çəkilib

- Ağdam rayonunda düşmən atəşi nəticəsində yararsız hala salınmış 110 kilovoltluq 2 dövrəli Təzəkənd hava xətti 13 kilometr məsafədə bərpa edilərək istismara verilib

- Füzuli rayonunda elektrik enerjisi ilə təmin olunmayan ərazilərə 9 kilometr uzunluğunda 10 kilovoltluq yeni elektrik hava xətti çəkilib

- Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən Cəbrayıl şəhərinə 20 kilometr uzunluğunda 10 kilovoltluq hava xətti təmir olunaraq şəbəkəyə qoşulub, Böyük Mərcanlı kəndindən Hərəkül kəndində yerləşən 35/10 kilovoltluq yarımstansiyaya qədər 25 kilometr uzunluğunda 10 kilovoltluq hava xətti bərpa olunaraq Cəbrayıl şəhərində vacib obyektlərə elektrik enerjisi verilib

- Cəbrayıl rayonunun Hərəkül kəndində yerləşən 35/10 kilovoltluq yarımstansiyadan Hadrut qəsəbəsindəki 35/10 kilovoltluq yarımstansiyaya qədər 17 kilometr uzunluğunda 35 kilovoltluq hava xətti bərpa edilib, 10 kilovoltluq gərginliklə Hadrut qəsəbəsində bir neçə həyati vacib obyektlər elektrik enerjisi ilə təmin olunub

- Cəbrayıl rayonunun İran İslam Respublikası ilə sərhədində Sərhəd Qoşunlarının zastavalarının elektrik təchizatı üçün 10/0,4 kilovoltluq 2 ədəd güc transformatoru quraşdırılaraq şəbəkəyə qoşulub

- ümumilikdə düşmən atəşi nəticəsində zədələnmiş 280 kilometrlik 10, 6 və 0,4 kilovoltluq hava xətləri və 78 ədəd güc transformatoru bərpa edilib

- Qarabağ və ətraf rayonların ərazilərində həyati vacib olan obyektlərdə müxtəlif gücdə 38 ədəd dizel-generatorları quraşdırılıb, 16 ədəd mövcud generatorlarda təmir və sazlama işləri aparılıb

- Qarabağ bölgəsi üçün mühüm strateji mərkəz sayılan Şuşa şəhərində müvəqqəti yaradılan dövlət orqanlarının və müxtəlif təyinatlı obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kilovoltluq 4 meqavat/amper gücündə yarımstansiyanın, Füzuli rayonunda yerləşən 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyasından 35/10 kilovoltluq “Hadrut” yarımstansiyasına 27 kilometr uzunluğunda 35 kilovoltluq 2 dövrəli hava xəttinin çəkilişi, Hadrut qəsəbəsindən Şuşa şəhəri istiqamətində mövcud olan 25,2 kilometr uzunluğunda 35 kilovoltluq hava xəttinin təmiri və 21 kilometr uzunluğunda 35 kilovoltluq yeraltı kabel xəttinin quraşdırılması aparılır.

Qarabağ və ətraf rayonları elektrik enerjisi ilə təmin etmək üçün hər bir ərazi üzrə 35 və 0,4 kilovoltluq paylayıcı elektrik şəbəkələrinin yaradılması istiqamətində müvafiq texniki tədbirlər icra olunmaqdadır.

Azvision.az


Teqlər: Energetika   Nazirlik   Enerji  





Xəbər lenti