Pərakəndə ticarət dövriyyəsi azalıb

Pərakəndə ticarət dövriyyəsi azalıb
  12 Fevral 2021    Oxunub:2334
Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,2 milyard manatlıq, o cümlədən 1,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 %, o cümlədən qeyri-ərzaq malları üzrə 4,8 % azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,8 % artıb.

Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,8 %-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 5,1 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 26,9 %-i ticarət müəssisələri, 49,8 %-i fərdi sahibkarlar tərəfindən, 23,3 %-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2 % artıb, fərdi sahibkarlar üzrə 0,1 %, bazar və yarmarkalarda 15,7 % azalıb.

Yanvarda ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 316,3 manatlıq, o cümlədən 166,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,4 manatlıq qeyri-ərzaq malları alıb.

Azvision.az



Teqlər: DSK  





Xəbər lenti