21-ci əsrin layihəsi: Azərbaycan tarixi uğura imza atdı

 21-ci əsrin layihəsi:  Azərbaycan tarixi uğura imza atdı
  13 Fevral 2021    Oxunub:3455
“Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, əslində 10 il bundan əvvəl ideya halında olan, nəhayət 2014-cü ildən inşa edilməyə başlayan və cəmisi altı ildə tikintisi başa çatdırılan 3500 kilometrlik kəmərin belə qısa müddətdə istismara verilməsi özlüyündə ayrıca bir hadisədir:

“Çünki söhbət heç də sadəcə adi bir enerji layihəsindən getmir. Xəzər, Qara Dəniz, Aralıq Dənizi və Adriatik dənizləri kimi çox geniş və mühüm bir ekvatoriyada uzunmüddətli və tamamilə yeni formatda əməkdaşlıq platformasından gedir. Hazırda şahidi olduğumuz geostrateji reallıqlar ondan ibarətdir ki, heç də bütün dövlətlər öz milli resurslarını milli məqsədləri həyata keçirmək üçün realizə edə bilmir. Bəzi dövlətlərdə sabitlik və əməkdaşlıq faktoruna çevrilən karbohidrogen ehtiyatları belə ehtiyatlara sahib olan digər çoxsaylı ölkələrdə dağıdıcı faktora çevrilir. Məsələn, Şimali Afrika və Yaxın Şərqin, eləcə də Latın Amerikası ölkələrinin böyük əksəriyyətində neft-qaz ehtiyatları rəqabət və qarşıdurma faktoruna çevrilib”.

Azərbaycanın öz ehtiyatlarından milli dövlətini və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacardığını deyən millət vəkili ölkəmizin regional və qlobal müstəvidə bir çoxlarının edə bilmədiyi uğurları qazandığını söyləyib:



“Məsələn, Cənub Qaz Dəhlizi layihəsinə qədər Nabucco və digər adlarda bir çox bənzər layihələrin həyata keçirilməsi ideyaları olsa da, bunların heç biri baş tutmadı. Sadəcə Azərbaycan öz tərəfdaşları ilə 21-ci əsrin layihəsi hesab edilən belə bir layihəni həyata keçirməyə müvəffəq oldu. Elə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında da bu məsələlərə və layihənin gələcək perspektivləri ilə bağlı mühüm istiqamətlərə toxunuldu. Hər şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin realizə olunması və perspektivi haqqında danışarkən layihənin inşasının başa çatdırılması münasibətilə iştirakçıları təbrik edərək bildirdi ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var. Yeni plan və layihələr isə layihəni təmin edən mənbələrin və onu tərəfdaş ölkələrə çatdıran marşrutların şaxələndirilməsi və beləliklə tərəfdaş ölkələrin sayının daha da çoxalacağı haqqında idi. Bu istiqamətdə İonik-Adriatik, yaxud Qərbi Balkan istiqamətində görüləcək işlərlə bağlı qəbul ediləcək qərarlar idi. Nəzərə alsaq ki, Qərbi Balkanlar artıq Mərkəzi Avropa ilə kəsişir, o zaman layihənin Cənubi Avropadan Mərkəzi Avropaya qədər uzana biləcəyi qənaətini də ifadə edə bilərik. Bütün bunlar isə layihənin əhəmiyyətinin və tərəfdaş ölkələrin sayının gələcək daha da artması deməkdir. Ayrıca bir məsələ bu tərəfdaşlıq prosesində Azərbaycanın özünün istehsalçı ölkədən həm də tranzit ölkəyə çevrilməsi hadisəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, qardaş Türkmənistanla birlikdə istismar ediləcək “Dostluq” yatağından əldə ediləcək resurslar artıq Azərbaycana həm də tranzit ölkə statusu qazandırmış olacaq. Ancaq bu istiqamətdə şübhəsiz ki, daha yeni və fərqli perspektivlər var ki, bu da gələcəkdə daha aydın görünəcək. Bütün bunlar uzunmüddətli perspektivdə layihəni mənbə ölkə və tərəfdaş ölkələr üçün cazibədar edir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Layihə   CQD   Qaz   Enerji  





Xəbər lenti