“Bir gün kriptovalyuta balonları partlasa, fəsadları ağır olacaq” - Ekspert

 “Bir gün kriptovalyuta balonları partlasa, fəsadları ağır olacaq” -  Ekspert
  16 Fevral 2021    Oxunub:6299
Hazırkı dönəmdə kriptovalyutalar iqtisadiyyatın rəqəmsallığını aktuallaşdıran ən vacib məhsullardan biri hesab edilir. Bu rəqəmsal valyuta növü, onun gələcəyi haqqında dünyanın müxtəlif beyin mərkəzləri tərəfindən müxtəlif proqnozlar verilməkdədir.
Bu barədə Azvision.az -a iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O deyib ki, kriptovalyutaların üstünlükləri, başqa elektron pullardan fərqi haqqında danışmazdan əvvəl isə bu valyuta növünün mahiyyətinə varmaq, yaranma prosesini anlamaq, daha sonra ondan səmərəli istifadə imkanlarını analiz etmək lazımdır.

“Kriptovalyutanın ideya tarixi 39 il əvvələ gedir. 1982-cü ildə David Chaum adlı kriptoqraf cizli kriptoqrafik elektron pulun əsasını qoydu. Hər şey onun “İzlənilməyən ödənişlər üçün kor imzalar” adlı elmi məqaləsindən sonra başladı. Daha sonra o, DigiCash vasitəsi ilə bunu reallaşdırdırdı. İlk desentralizasiyalaşmış kriptovalyuta olan bitkoin isə 2008-cu ildə Satoşi Nakamoto təxəllüslü anonim biri tərəfindən yaradıldı. Bunun ardından isə digər kriptovalyutalar da yaradıldı. Kriptovalyuta fəlsəfəsinə gəldikdə isə bu valyuta növü adi kağız pullar kimi fiziki formada mövcud deyil və hər hansısa bir mərkəzi hakimiyyət tərəfindən dövriyəyə buraxılmır. Bütün kriptovalyutalar mərkəziləşmiş digital aktivlərin və mərkəz bankçılıq sistemlərinin əksinə, desentralizasiyadan istifadə edir.

Başqa sözlə desək, kriptovalyuta heç bir dövlətin siyasətindən, qanunlarından, valyutasından asılı deyil və heç bir rəsmi təşkilat tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur. Kriptovalyutaların yaranma mənbəyinə gəldikdə isə bu, birbaşa internet şəbəkəsində yaradılır. Əsas kripto valyuta olan bitkoini şəbəkə üzərində yaratmağa - istehsal etməyə mədənçilik (mining) deyilir. Mədənçilik yolu ilə bitcoin əldə edilməsi getdikcə çətinləşdirilir, proses mürəkkəb hal alır. Məsələn, xüsusi texnologiyaların parametrlərini daha da yüksəltməyə ehtiyac yaranır, itirilmiş zaman və enerji sərfiyyatı şərtləri artır. Buna görə də mədənçilik etmək istəyənlər müasir parametlərlər qurulmuş sistemləri ala və ya kirayələyə bilərlər”.

Ekspert əlavə edib ki, mədənçilik kriptovalyuta əldə etməyin tək yolu deyildir, bunu brokerlərdən də əldə etmək mümkündür:

“İstifadəçilər pullarını brokerlərdən əldə edərək daha sonra şifrəli əməliyyatlar vasitəsilə təhlükəsiz formada pullarını xərcləmək və ya yığmaq üçün istifadə edə bilirlər. Kriptovalyuta yaratmanın əvvəldən təyin edilmiş bir proseduru və limiti olduğu üçün, təklifə görə tələb artınca o, dəyər qazanır. Yaradılan və ya satın alınan kriptovalyuta növlərilə, məsələn, bitkoinləri internet üzərindən xərclək, alış-veriş etmək praktikası artıq dünyada geniş vüsət alıb. Onun müsbət və mənfi tərəflərinin olması ondan istifadəyə görə ölkələrin fərqli münasibət sərgiləməsilə nəticələnib. Kriptovalyutaların anonimliyi, hesablara daim daxil olmaq imkanları, fraud hallarının olmaması, əlavə ödənişlərin çox cüzi olması və digər üstünlükləri səbəbindən bir çox ölkələrdə (Yaponiya, ABŞ və s.) bu valyuta növü artıq rəsmi hesablaşmalarda və birja fəaliyyətində qanuni aktiv olaraq qəbul edilir. Bir çox ölkələr isə artıq öz kriptovalyutalarını yaradıblar. Amma bəzi ölkələrdə bunu valyuta növünün yayılmasının qarşısını almağa çalışırlar. Bunun da səbəbi onun vergidən yayınma, ölkədən gedən maliyyə axınları və digər təhlükəli tərəfləridir”.

Kriptovalyutanın perespektivləri məsələsinə gəldikdə, E.Əmirova görə, hazırda dünya bir “kriptoçılğınlıq” yaşayır.

“Görünən odur ki hələ bir müddət bu istiqamətdə hesablar çox şişəcək. Lakin bunun arxasında real dəyər dayanmadığı üçün bir gün kriptovalyuta “balon”larının partlama ehtimalları qalmaqdadır. Bu partlayışın nə zaman olacağını demək çox çətindir, lakin bu baş verərsə, “kriptoçılğınlığın” daha geniş vüsət aldığı yerlərdə fəsadları daha böyük olacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EldənizƏmirov  





Xəbər lenti