“Ağıllı şəhər” smart davranış tələb edir - İqtisadçı

 “Ağıllı şəhər” smart davranış tələb edir -  İqtisadçı
  18 Fevral 2021    Oxunub:2213
Ağıllı şəhər texnologiyasına əsaslanan yaşayış məskənlərinin qurulması zamanın ən vacib tələblərindən biridir. Əgər biz bu texnoloji yanaşmanı azad edilmiş ərazilərimizdə tətbiq etməyi bacarsaq, ölkəmizin digər əraziləri üçün deyil, həm də bütün region üçün təcrübə rolunu oynayacaq.
Azvision.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O deyib ki, “Smart” yaşayış məskənlərinin sosial infrastrukturunun yaradılması və idarəçiliyi smart cihazlar vasitəsilə əldə edilən məlumatlar üzərində qurulur. Bu, xüsusilə nəqliyyat infrastrukturunun əlçatanlığını təmin etmək, sosial xidmətləri yaxşılaşdırmaq baxımından daha üstündür.

Planetin əhali sayının kəskin artması, qida təhlükəsizliyi məsələsinin daim gündəmdə olması, şəhər əhalisinin artan pay nisbətində dayanmadan yüksək dinamikanın müşahidə edilməsi yaxın 50-60 il ərzində dünyada böyük sosial-iqtisadi gərginliklər yaradacaq. Bunun üçün idarəetmə vasitələrini, yaşayış kriteriyalarını, kommunal idarəçiliyi, infrastruktur sahələrinin təkmilliyini indidən düşünmək və maksimal “smart” davranışlar sərgiləmək lazımdır.

Ekspertə görə, “ağıllı şəhər", "ağıllı kənd"in konseptləşdirilməsi məsələsi smart davranışların əsasını təşkil edir.

"Smart yaşayış məskənləri, iqtisadiyyatın optimal idarə edilməsinə, ekosistemin qorunmasına, nəqliyyat sisteminin smart idarəçiliyinə, insanların təhlükəsizliyinə, tibbi xidmətlərin optimizasiyasına, alternativ enerji mənbələrindən səmərəli istifadəyə, məsafədən idarəedilən ev təsərrüfatlarına, zaman qədər dəyərli olan vacib kəmiyyətdən optimal istifadəyə və digər saymaqla bitməyəcək üstünlüklərə çıxış imkanı verir. Bütün bu söylənilən üstünlüklərin əldə edilməsi smart yaşayış məskənlərinin salınması ilə mümkündürsə, belə yayayış məskənləri öncədən düzgün ərazi seçiminin və bu ərazidə xırda kəndlərin, qəsəbələrin optimal təyinat üzrə birləşdirilmsindən başlamalıdır.

Buna görə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa haqqında deyil, daha çox yenidənqurulma haqqında danışmalıyıq. Çünki bərpa ilə smart azad edilmiş ərazilərdə “ağıllı şəhər”, hətta "ağıllı kənd” adlanan müasir texnologiyalar tətbiq etmək mümkün deyil. Bu, yalnız yenidən qurulmanın məhsulu ola bilər. Ən vacib isə bu yaşayış məntəqlərinin müharibədən əvvəlki formada deyil, daha kompleks olaraq salınmasıdır. Məsələn, elə ərazilərimiz var ki, orada 10 kəndi, elə coğrafi məkan var ki, orda hətta 20-25 kəndi bir böyük kompleks yaşayış məskəni daxilində yerləşdirmək olar.

Bəzi hallarda isə bunu daha böyük komplekslər şəklində icra edilməlidir. Smart davranışlar isə bu kompleks yanaşma konsepsiyası daxilində daha effektiv olacaqdır. Çünki əhali kütləsinin daha böyük kompleklər daxilində məskunlaşması bizə imkan verəcək ki, orada smart konsepsiya daha üst səviyyədə hazırlansın və icra edilsin.

Bu zaman xərclərin optimallaşdırılması, 4 istiqamətli əsas infrasturkturun daha səlis yaradılması, idarəetmənin effektliyiin artırılması və bir çox başqa üstünlüklər də əldə ediləcək. Bundan əlavə isə kənd təsərrüfatında və iqtisadiyatın digər sahələrində geniş istifadə etmək üçün daha çox ərazilər dövlətin və digər təsərrüfat subyetlərinin sərəncamında qalacaq. Bu isə iqtisadi dirçəlişin əsas hərəkətverici amillərindən biridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ağıllıkənd  





Xəbər lenti