Abşeronda "patı" satan qadınlar saxlanılıb - VİDEO - FOTO

   Abşeronda "patı" satan qadınlar saxlanılıb -    VİDEO - FOTO
  05 Avqust 2021    Oxunub:2208
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Rahil Orucov saxlanılıb. Onun üzərindən 65 qram heroin, 58 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.



Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda həyata keçirdikləri digər əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əli Cavadov və Bahadur İsmayılov saxlanılıblar. Əli Cavadovun üzərindən ümumilikdə 114 qram heroin, metamfetamin, elektron tərəzi, eləcə də 75 ədəd narkotik tərkibli metadon və preqabalin həbi aşkar edilib. Bahadur İsmayılovdan isə 24 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Bu şəxslər ifadələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində narkotik vasitələrin və “patı” adalanan matemfetaminin satışı ilə məşğul olduqlarını bildiriblər. Binəqədi rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı isə narkotik vasitələrin, xüsusən gənclər arasında psixotrop tərkibli həblərin satışını həyata keçirən iki nəfər- Qafur Lətifov və Adil Ramazanov saxlanılıblar. Onlardan ümumilikdə 81 qram tiryək, heroin, metamfetamin, 240 ədəd narkotik tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.



Narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən daha bir şəxs isə Abşeron rayonu Masazır qəsəbəsində tutularaq məsuliyyətə cəlb edilib. Əməliyyat zamanı qeyd edilən qəsəbədə yaşayan Tural İbrahimov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqram 47 qram metamfetamin, 270 qram heroin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartı və 2 ədəd elektron tərəzi aşkar edilib. Abşeron rayonu Xırdalan şəhərində həyata keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Ağaxan Hüseynov saxlanılıb. Onun şəhər ərazisində yerləşən evinə və üzərinə baxış zamanı 5 qrama yaxın metamfetamin və 1 ədəd “F-1” əl qumbarası aşkar edilib.



Baş İdarə əməkdaşlarının Abşeron rayonu Xırdalan şəhəri ərazisində həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qəbul edildiyi tiryəkxana aşkar edilib. Həmin mənzilə baxış zamnaı orada narkotik vasitələrin qəbuluna şərait yaradan Ləman Abdullayeva, Əsmər Abdullayeva və Elşən Cəfərov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 27 qram heroin və metamfetamin aşkar edilib. Yasamal və Sabunçu rayonunda həyata keçirilən sonuncu əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərid Qulubəyov və Aqil Əzizov saxlanılıblar. Fərid Qulubəyovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 9 qrama yaxın yüksək təsiredici maddə olan kokain, 35 qram metamfetamin, 25 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. Aqil Əzizovdan isə ümumilikdə 1 kiloqram 800 qram marixuana və elektron tərəzi aşkar edilib. Bu şəxslər də ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.




Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər məsuliyyətə cəlb edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, təqdim etdiyimiz sonuncu əməliyyatların bir neçəsi Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib.

Azvision.az



Teqlər: DİN   Patı  





Xəbər lenti