Dənizdə külək enerjisi potensialına dair yol xəritəsi hazırlanır

   Dənizdə külək enerjisi potensialına dair yol xəritəsi hazırlanır
  05 Noyabr 2021    Oxunub:1022
“Azərbaycan hökuməti dənizdə külək enerjisi potensialından istifadə üzrə yol xəritəsini Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə hazırlayır”.
Bunu AzVision.az -a açıqlamasında energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə, yol xəritəsinin hazırlanmasına müvafiq mütəxəssislər qoşulub:
"Bu, hərtərəfli yol xəritəsi olacaq. Əsas məqsəd ondan ibarətdir ki, Xəzər dənizindəki külək enerjisi potensialından istifadənin mümkünlüyünü müəyyən edək. Bu, həm iqtisadi, həm də texniki nöqteyi nəzərdən lazımdır. Həmçinin bu iş kommersiya nöqteyi nəzərdən cəlbedici olmalıdır ki, müvafiq investisiya layihələri bu istiqamətdə həyata keçirilə bilsin", - o deyib.

Qeyd edək ki, yol xəritəsi geoməkan və iqtisadi təhlilləri, xərclərin modelləşdirilməsini, tədarük, infrastruktur, sosial və ekoloji əlaqələr zəncirinin qiymətləndirilməsini əhatə edəcək.

IFC yol xəritəsini Böyük Britaniyanın “BVG Associates” (BVGA) şirkəti və Azərbaycan hökuməti ilə birgə hazırlayır. Bu araşdırma Azərbaycanın dənizdə külək enerjisinin inkişafı üçün ən yaxşı yerlərin müəyyən edilməsinə yönəlib. Qeyd edək ki, Azərbaycanın dənizdə külək enerjisinin potensialı 157 qiqavatt səviyyəsində qiymətləndirilir.

Aytən Zəhra
AzVision.az



Teqlər: Dəniz  





Xəbər lenti