Qan-Tik-Tök

// Gözlənilən bir qətlin tarixçəsi

      Qan-Tik-Tök
  10 Noyabr 2021    Oxunub:3759
Bu gün Bakı şəhər sakini 30 yaşlı Natiq Ramazanov bıçaqlanaraq ağır xəsarət alıb və xəstəxanaya aparılarkən yolda keçinib. Səbəb onun “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrdir. Elə həmin ifadələrə görə o özündən 9 yaş böyük başqa bir soydaşımız Əli Musayevlə şəhərdə görüşüb və...
İlin-günün bu vaxtında, yəni 21-ci əsrdə, günün günorta çağı dünyanın inkişaf etmiş meqapolislərinin, mədəni mərkəzlərinin birində iki yetkin insan cəhalətin qurbanı olur. Birinə gənc, o birinə orta yaşlı demək olar. Biri vaxtsız, həm də mənasız yerə soyuq torpağın altına girdi, o biri də ömrünün ən məhsuldar, yaradıcı dövrünü, yəqin ki, soyuq həbsxana divarları arasında çürüdəcək.

Təhsilləri, iş-güclər, məşğuliyyətləri mənə bəlli deyil. Yayılan informasiyalarda bunlar yoxdur. Ancaq böyük ehtimalla hər ikisinin valideynləri sağdır, bacı-qardaşları, sevənləri var. Yəqin ki, evlidirlər, həyat yoldaşları da özləri kimi gəncdir, azyaşlı, yeniyetmə övladları var. Əgər biri subay idisə, bütün həyatı qabaqda idi. Nə qədər insan gözüyaşlı qalacaq. Amma ən əsası odur ki, iki gənc həyat məhv oldu. Özü də təkrar edirəm, mənasız yerə, heç nəyin üstündə.

Bu cür ağılsız, anlamsız mübahisə və münaqişələr, dava-dalaşlar, qətllər əvvəllər də olub. Toyda oynamaq üstündə, ictimai yerdə, nəqliyyatda söyüş söymək, qadına sataşmaq, ev telefonlarına edilən anonim zənglər, təhqirlər, ələsalmalar səbəbindən və s. Ancaq etiraf edək ki, informasiya texnologiyalarının, xüsusilə də sosial şəbəkələrin həyatımıza daxil olması onların miqyasını birə-on, bəlkə də birə-yüz artırıb.

“Tik-Tok” istifadəçisi olmasam da, həmin sosial şəbəkədəki durumdan az-maz xəbərim var. Bilirəm ki, daha çox əyləncəyə, həm də yüngül əyləncəyə, lağlağıya, ucuz və asan şöhrətə meyilli, maraqcıl, sadəlövh, yelbeyin insanların, xüsusilə də, gənclərin və daha çox qadınların fəal olduğu virtual məkandır. Bildiyim qədəriylə oradakı insanlar əsasən intellektdən kasad, mətn oxumağı sevməyən, bu səbəbdən də yazıdan çox, videolardan istifadəyə üstünlük verən şəxslərdir. Bu səbəbdən səviyyəli, duzlu, anlamlı video-süjetlərin sayı da çox azdır. Düşünürəm ki, yersiz mübahisələrə, söyüşlərə, dava-dalaşlara səbəb olan da daha çox bu amillərdir.



Belə hallar istifadəçilərin daha intellektual, əxlaqi-mənəvi baxımdan xeyli üstün olduğu, elmi, sosial-psixoloji, ədəbi-bədii, ictimai-siyasi mövzuda müəyyən müzakirələrin getdiyi və bəndənizin də fəal iştirakçılarından sayıldığı “Facebook” sosial şəbəkəsində də baş verir. Fərq burasındadır ki, feysbukda mübahisələr çox zaman ictimai-siyasi, ideoloji kontektdən doğaraq şəxsi müstəviyə keçir. Daha doğrusu, bunu da bəzi “tiktokçular” səviyyəsində olan “feysçilər” edir, bəzən hətta daha səviyyəli istfadəçiləri təxribata çəkə bilirlər.

Məsələn, kimsə hansısa məsələ haqqında tənqidi status paylaşır. Bunu həzm edə bilməyən başqası ortaya əks arqumentlər qoymaqdan, opponentinin haqsız olduğunu sübuta yetirməkdənsə, başlayır onu təhqir etməyə. Bəzən hətta ağır küçə söyüşlərindən də istifadə olunur. Təbii ki, qarşı tərəf nə qədər mədəni, səbrli və dözümlü insan olsa da, daşdan deyil. Onun da heysiyyəti, ləyaqəti var. Haqsız yerə təhqirə məruz qalmaq, həm də bəzən valideynləri, ailəni, qadınları hədəf alan söyüşlərə tuş gəlmək və bunlara dözmək asan deyil. Odur ki, müəyyən formada qarşılıq verir və bu zaman həmin məhdud düşüncəli məxluq onu münasibətləri ayırd etmək üçün “xoruz döyüşünə” çağırır.

Əslində bu, intellektual polemikada, söz savaşında, hətta söyüşdə belə məğlub olan, opponentini güclə susdurmağa çalışan primitiv adamın davranışıdır. Yəni mən səni yumruqlayaraq, təpikləyərək, bıçaqlayaraq, nə bilim, güllələyərək haqsız olduğunu isbat edəcəyəm. Gəlin düşünək: axı ağlı olan adam necə fikirləşə bilər ki, qarşısındakının ağzını zorla qapamaqla ona qalib gəlir?!

Bu mənada intellektual savaşı, söz çəkişməsini söyüş (mənəvi terror), qaba güc, zor müstəvizinə keçirmək birmənalı məğlubiyyətdir. İntellektual insan gərək bu səviyyəyə enməsin. Endisə, məğlub etdiyinin təsirinə düşür və ona məğlub olur.

Ancaq çoxumuz bu həqiqəti zamanla dərk edir, bir müddət komplekslərimizi aşa bilmirik. Problemlər də bundan doğur.

“Tik-Tok” platformasında mənzərə bir qədər başqadır. Burada biri od olanda, digərinin su olma ehtimalı aşağıdır. Çünki az öncə ərz etdiyim kimi, səviyyə problemi var. Yəni çox zaman hər iki tərəf söyüşə, təhqirə, aqressiyaya, zora meyilli olur. Başqa cür bacarmırlar. Onlar üçün həyatın rəngləri və çalarları çox azdır. Ya tərifləməlidirlər, ya da söyməlidirlər. Ya döyməlidirlər, ya da döyülməlidirlər. Ya ağlamalıdırlar, ya da gülməlidirlər. Əgər birinin güldüyünə o biri ağladısa, birinci özünü təhqir olunmuş sayacaq və problemi həll etmək üçün ilk ağlına gələn rəqibini duelə, hürüşməyə və boğuşmağa çağırmaq olacaq. Ya da birinin paylaşdığı əttökən video digərinin kefinə batmırsa, onu hökmən hansısa parka çağırıb həyatı başa salmaq lazımdır.

Çünki özünü palatka toyunda düt deyincə içib beyni qızan və oynadığı zaman havası yarımçıq kəsilən sərxoş kimi hiss edəcək və qüruruna toxunandan intiqamını almayana qədər sakitləşməyəcək. Və bir də ayılanda ağlı başına gələcək ki, onda da iş işdən keçmiş olacaq.

Amma sərxoşluq, ağlın başdan, insanın özündən çıxması təkcə spirtli içkidən, narkotikadan olmur. İnsanı başqa şeylər, aludəçiliklər, vərdişlər, alışqanlıqlar, cahillikdən doğan hirs-hikkə, şəhvət və ehtiras da sərxoş, dəli, ipləmə edə bilir və edir də. Sosial şəbəkə aludəçiliyi, fanatizmi də bunlardan biridir.

Mənim yazdığım fikri, çəkdiyim, paylaşdığım videonu həkmən hamı bəyənməlidir. Yoxsa qan düşər! Və bəzən düşür də. Baş verən qətl hadisəsi buna ən bariz nümunələrdən biridir. Doğrudur, mübahisə predmetinin detallarını bilmirik, ancaq başqa nə ola bilər?! Birinci dəfə deyil ki...

Ya da nədənsə xoşum gəlmirsə, hökmən ona münasibət bildirməliyəm. Yoxsa partlayaram. Demokratiya deyil?! Söz, fikir azadlığı, necə deyələr, plüralizm deyil?! Hər kəs öz fikrini sərbəst ifadə edə bilər də... Amma düşünmür ki, birbaşa ona ünvanlanmayan fikrə, süjetə, videoya hökmən münasibət sərgiləmək zorunda deyil. Xüsusilə də, qarşı tərəfi şəxsən tanımırsa, onunla hər hansı münasibəti yoxdursa. Axı bizə kim deyib ki, hamı hamıyla polemika, mübahisə edə, söz güləşdirə, söyüşə, dalaşa bilər?! Bu virtual ədəbsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik kimə lazımdır?!

Nadir Qocabəyli
AzVision.az



Teqlər: TikTok   Sosial-şəbəkə  





Xəbər lenti