Overçuk: “Rusiyadakı biznesmenlər Azərbaycanda işləməkdə maraqlıdırlar”

      Overçuk:    “Rusiyadakı biznesmenlər Azərbaycanda işləməkdə maraqlıdırlar”
  16 Dekabr 2021    Oxunub:1216
“Rusiyadakı biznesmenlər Azərbaycanda işləməkdə maraqlıdırlar, Rusiyanın Azərbaycan iqtisadiyyatına sərmayələri bu günə kimi 4,5 milyard dollara çatıb”.

AzVision.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələr inkişaf edir: “Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən böyük istehlakçısıdır. Bu gün Rusiyanın Azərbaycana sərmayələri 4,5 milyard dollara, Azərbaycanın Rusiyaya investisiyaları isə 1,5 milyard dollara çatıb”.

O qeyd edib ki, bu ilin 10 ayı ərzində Rusiya Federasiyası Azərbaycandan 700 milyon dollar dəyərində məhsul idxal edib: “Bu, ciddi rəqəmdir. Bu il artıq Bakıda Rusiya şirkətlərinin bir sıra işgüzar görüşləri keçirilib. Azərbaycanda Rusiyanın “Kamaz” və “QAZ” kimi şirkətləri var. Dəmir yollarının modernləşdirilməsi, yüksək texnologiyalı müəssisələrin yaradılması, bərpa olunan enerji, logistika sahələrində əməkdaşlığın daha da inkişafı üçün yaxşı perspektivlər var”, - Overçuk əlavə edib.

Overçuk əlavə edib ki, son bir ildə Cənubi Qafqaz regionunda formalaşmış yeni vəziyyət şimalla cənubu, qərblə şərqi logistik cəhətdən əlaqələndirmək üçün tamamilə unikal imkanlar açır: “Bütün Avrasiya qitəsi bundan faydalana bilər. Biz bu gün bunun üzərində fəal işləyirik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti