Azərbaycanda yeni hərbi bazalar tikilir
Dövlət başçısı qeyd edib ki, digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır: "Yeni hərbi bazalar tikilir. Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi bazalarımızda ən yüksək standartlar tətbiq edilir. Çünki bizim zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər.
Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayacaqdır. Əfsuslar olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət göstərilmirdi. Biz bunu açıq deməliyik. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar. Ona görə qarşıya vəzifə qoyulub və vəsait ayrılıb ki, qısa müddət ərzində, bəlkə də növbəti iki il ərzində hərbi hissələrdə bir dənə də qəzalı, yararsız, köhnə tikili olmasın".
Prezident hesab edir ki, biz yeni tikilmiş gəmiqayırma zavodundan da bu məqsədlər üçün istifadə etməliyik: "Çünki bildiyiniz kimi, bu zavodda istənilən gəmi istehsal oluna bilər. Artıq zavoda ilkin sifarişlər də verilməyə başlamışdır. Hesab edirəm ki, Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu zavoda sifariş verməlidir. Əlbəttə ki, Maliyyə Nazirliyi bu məsələnin maliyyə tərəfini təmin etməlidir. Hesab edirəm ki, biz bu il artıq bu işə başlamalıyıq. Çünki gəminin tikintisi çox vaxt aparacaqdır. Biz burada da vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə işləsin, həm də biz hərbi donanmamızı müasirləşdirək".
Teqlər: