Gömrükdən külli miqdarda “patı” keçirmək istədi

Gömrükdən külli miqdarda “patı” keçirmək istədi
  26 Aprel 2022    Oxunub:986
Gömrükçülər tərəfindən külli miqdarda psixotrop maddənin qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a verilən məlumata görə, Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyəyə “ferrosilikon” yükü aparan 72AA511/72AA512 dövlət nömrə nişanlı “Volvo” markalı nəqliyyat vasitəsi Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında rentgen qurğusundan keçirilməklə yoxlanılıb. Analiz zamanı su və yanacaq çənlərində şübhəli təsvirlər müəyyən edildiyindən nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub.

Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinə fiziki gömrük baxışı həyata keçirilib. Bu zaman yanacaq və su çənlərində süni olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş gizli saxlanc yerlərindən xalis çəkisi 307 kiloqram 900 qram olan maye halında psixotrop maddə - metamfetamin (“patı”) aşkarlanıb.

Faktla bağlı Naxçıvan Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi başlanılıb.

Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

AzVision.az



Teqlər: DGK  





Xəbər lenti