Ukraynada gərginlik artır

Ukraynada gərginlik artır
  21 Aprel 2014    Oxunub:1146
Ukraynanın Slavyansk bölgəsində Rusiyameylli silahlı dəstəyə naməlum şəxslərin hücumundan sonra azı 5 nəfərin öldürüldüyü məlum olub.
Daha 3 nəfərin də yaralandığı hadisəyə bölgənin rusmeylli qrupunun rəhbəri Vyaçeslav Ponomoryovun münasibəti çox sərt olub. O bildirib ki, bu günə qədər kiçik iğtişaşlara göz yumulsa da, bundan sonra belə olmayacaq. Açıq-aşkar Kiyevə meydan oxuyan Ponomoryov Rusiyadan bölgəyə hərbi müdaxilə tələb edib. ATƏT-in Ukrayna missiyası isə ölüm hallarının baş verdiyi Slavyanska səfərə hazırlaşır.

Bu barədə məlumat verən qurumun monitorinq qrupunun sözçüsü Maykl Bosirkyuva bildirib ki, məqsədləri baş verənləri yerindəcə araşdırmaqdır. Bu arada, ATƏT müşahidəçiləri Donbasda xarici təlimatçıların təxribatçılığını sübut edən faktlar aşkar edib.

Rəsmi Kiyevə gəlincə, ölkənin bölünməsinin qarşısını almağa çalışan müvəqqəti hökumət daha bir güzəşt vəd edib. Parlament sədri və müvəqqəti prezident Aleksandr Turçinov qeyd edib ki, bundan sonra bölgələrə təyin olunan qubernatorlar milli xüsusiyyətlər nəzərə alınmaqla göndəriləcək.

Turçiniov həmçinin ölkənin federal idarə üsuluna keçməsinə də mənfi yanaşmadıqlarını dilə gətirib. Bununla yanaşı, o, tələblərin yalnız danışıqlar masası ətrafında irəli sürülə biləcəyini vurğulayıb. Ukrayna DİN-i isə `Berkut`u geri qayıtmağa vəə ölkədə sülhün bərpa olunmasında yardıma çağırıb.

Rusiya tərəfdarları ilə Ukrayna hakimiyyəti arasında siyasi böhranın dərinləşdiyi bir vaxtda Polşanın xarici işlər naziri Radoslav Sikorski Moskvanı qıcıqlandıracaq açıqlama ilə çıxış edib. O bildirib ki, Varşava öz ərazisində NATO və Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı bazalar yaratmasına etiraz etmir.

Səbinə


Teqlər:





Xəbər lenti