Jurnalistlər səviyyəsizdirlərmi? - II yazı

Jurnalistlər səviyyəsizdirlərmi? - II yazı
  27 May 2014    Oxunub:1424
Ötən yazıda qeyd etmişdik ki, jurnalistlər kimi digər peşə mənsublarının da səviyyəsi cəmiyyətin ictimai şüur səviyyəsindən fərqlənmir. Başqa sözlə, toplumun ümumi səviyyəsi onu təşkil edən fərdlərin səviyyəsindən asılıdr. Bəs elə isə nə üçün digər peşə sahiblər deyil, daha çox media nümayəndələri hədəfdədirlər? Nəyə görə, danışığı ilə ifraz etməyi arasında fərq olmayan müğənninin, ağzı rəhbərlik etdiyi qurumun vaqonlarından gələn üfunətin iyisini verən məmurun danışıq və davranışları, qələm adamının bir cümləsi qədər gözə girmir?
I səbəb. SSRİ dövründəki sovet adamı-ideal insan tipinin yaradılmasına xidmət edən senzura bütün təbəqələrdən və peşələrdən olan vətəndaşlarının ictimai təqdimatını ciddi nəzarət altında saxlayırdı. Hər bir peşə sahibinin, xüsusən də ziyalı zümrəsinə aid olan şəxsin öz həyat tərzini məlum ideoloji şifahi və yazılı təlimatlar çərçivəsində nizamlaması vacib partiya tapşırığı idi. Köhnə quruluşun çökməsi yaşam nizamının siyasi, sosial-iqtisadi, mənəvi-mədəni sahələrini əhatə edən sistemin məhvinə, mədəni dəyərlər aparatının dağılmasına gətirib çıxardı.

Yaranmş başıpozuqluq və nizamsızlıq dalğası jurnalistikanı da vurdu. Yeni, demokratik cəmiyyət quruculuğunun əsas sifariş və tələblərindən birinin azad, müstəqil media olması bu sahədə inzibati-ictimai nəzarətsizliyin və boşluğun yaranmasında ciddi rol oynadı. Nəticədə mətbuat savadsız, əxlaqsız və fırıldaqçı elementlərlə doldu. Bu gün medianın həmin tullantılardan təmizlənməsinə yönəlik davamlı və hərtərəfli siyasət yürüdülsə də tam mənada məqsədə varıldığını iddia edə bilmirik.

II səbəb. Zənnimcə ikinci və bəlkə də əsas səbəb KİV nümayəndələrinin əmək məhsullarının ortada, yəni hamının, ən azından arzulayanların görə biləcəyi yerdə olması, daha sürətlə ictimailəşməsidir. Bir məqalənin icitmailəşməsi yeni medianın hesabına bir neçə dəqiqə, bəlkə də daha az çəkir. Həmin yazıdan müəllifin məqsədinin neqativ və pozitivini də, onun savadlı, yaxud savadsızlığını, digər keyifiyyət və keyfiyyətsizliklərini də görmək olur.

Əgər insanın əməlləri onun potensialının və göstəricilərinin güzgüsüdürsə, bu mənada bizim güzgümüz hamının görə biləcəyi yerdədir. Amma hansısa peşə sahibi savadsızdırsa, hansısa cinayətə bulaşıbsa, onun əməllərinin faş olmasına qədər bir sıra qanuni, yaxud qeyri-qanuni prosedurların keçilməsi vacibdir. Həmin əməlin üstünün açılması, hələ onun əksər çoxluq tərəfindən görünməsi də deyil. Cinayətin, yaxud qeyri-əxlaqi hərəkətin üstünü açan(lar) onun ictimailəşməsində maraqlı deyillərsə, həmin hal və hərəkətdən daha geniş kütlələrin xəbər tutması çox çətin olur, bəzən də heç olmur.

Başqa dildə desək, görmədiyini necə qiymətləndirə bilərsən? Ona görə də əməyi və əməli ilə bütün tərəflərdən görünən obyekti - jurnalsiti modelləşdirmək daha asandır. Ona hər kəs öz səviyyəsinə görə qiymət verə bilir. Və bir çox hallarda bu ölçü həmin şəxslərin səviyyəsinə uyğun gəlsə də, obyektiv olmur. Siyasi, inzibati və digər statusuna, pulu, bahalı kostyumuna görə yüksək materiyadan danışmaq istəyən birisi qarşısında ucuz cins şalvarda və köynəkdə mikrofon tutanın informasiya almaq hüququndan istifadəsini səviyyəsizlik sayır. Amma xəbəri yoxdur ki, həmin KİV təmsilçisinin təkcə eynəyinin çəkisi onun cəmdəyinin diri kütləsindən də ağırdır.

Bu məqamda yeri gəlmişkən, ədalət naminə, bir haşiyə də çıxmaq istəyirəm. Naşı və savadsız suallar verən, informasiyalar yazan həmkarlarla da az rastlaşmırıq. Biz - media əhli də öz üzərimizdə işləmir, informasiya toplamaq üçün məsul edildiyimiz sahəni öyrənməyə tənbəllik edir, hadisələrin gedişini sistemli, ardıcıllıqla izləmirik. Mərkəzi Seçki Komissiyasında bu cür jurnalistlərlə çox qarşılaşırdım və o zaman da bunu toplumun ictimai şüur səviyyəsinə bağlayırdım və indi də fikrimdə qalıram. Bu, bir çox hallarda subyektiv, bir az da obyektiv səbəblərə bağlı nəticədir. Həmin səbəblər arasında isə bizim tənbəlliyimiz, mənsub olduğumuz millətə xas kitab oxumaq vərdişimizin olmaması aparıcı yer tutur.

III səbəb. Qeyd edilən problemin yaranmasında son illər kütləvi informasiya vasitələri məkanındakı kəmiyyət artımını da diqqətdən qaçırmaq olmaz. Milli Mətbuat Şurasının apardığı statistikaya görə, indiyə qədər təkcə qediyyatdan keçən media orqanlarının sayı minlərlədir. Hər KİV-də orta hesabla 5 əməkdaşın çalışdığını təxmin etsək, bu, on minləri əhatə edən jurnalist ordusu deməkdir. Təbii ki, onların da hamısı savadlı və səviyyəli deyil. Lakin yuxarıda vurğuladığım kimi, kəmiyyətin keyfiyyət dəyişikliyinə çevrilməsi üçün çalışmaq istəmirik.

IV səbəb. “Səviyyəsiz”liyimizin gözə görsənməsində jurnalist peşəsinin xarakterindən irəli gələn xüsusiyyətlər də var. Məlumatın alınması, toplanması və yayımlanmasına yükümlü olan peşə sahibindən hamının razı qalması təbii ki, mümkün deyil. Məsələn, hüquq-mühafizə orqanlarından alınan informasiyanın yayımlanması və ictimailəşməsi əlbəttə, cinayətkarın və onun yaxınlarının, iş ortaqlarının xoşuna gəlməyəcək.

500 işarəlik xəbərə görə jurnalistə nifrət edən adam 500 min manatlıq fırıldağına görə özünü nifrətəlayiq hesab etmir. Korrupsioner onun cinayəti barədə xəbər verən jurnalistə də, həbsinə sanskiya verən prokurora da eyni gözlə baxır. Hər ikisi vəzifəsini icra edir. Amma di gəl ki, jurnalist müstəntiqdən fərqli olaraq hüquqi-inzibati səlahiyyət sahibi olmadığından ən yaxşı halda “səviyyəsiz” təhqir-yarlığı ilə işarələnir. Son məhkəmə istintaqlarında belə tiplərə rast gəlmişdik. Amma o da var ki, bir vaxtlar media mənsubuna “rədd ol” deyərək felin əmr formasında danışan məmur, barmaqlıqlar arasında yalvarış, xahiş intonnasiyasına keçmişdi. Belə də olur, hörmətli qeyri-jurnalistlər!


Teqlər:  





Xəbər lenti