“Azərbaycanı gözdən salmaq istəyirlər”- ETİRAZ

Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, deputat Aydın Mirzəzadə “Freedom House” təşkilatının ölkəmizlə bağlı yaydığı sonuncu hesabata münasibət bildirərkən deyib.
YAP-çı millət vəkilinin fikrincə, “Freedom House”ın hesabatı Azərbaycanda müəyyən bir qrupun iqtidarla bağlı mövqeyini əks etdirir:
“Bu məlumatlar radikal müxalifət mövqeyində olan dairələrdən götürülən məlumatlarla üst-üstə düşür. Birmənalı şəkildə bu təşkilatın Azərbaycana qərəzli münasibəti ölkəmizlə bağlı hesabatlarda radikal müxalifətin mövqeyi əsasında formalaşdırmağa xidmət edir. Bu gün onun qeyd etdiyi amillərin heç biri Azərbaycanda yoxdur. Azərbaycan açıq cəmiyyətdir, demokratik dövlətdir. Burada azad mətbuat, azad siyasi məlumat var”.
YAP rəsmisi hesab edir ki, sözügedən hesabatın məqsədi Azərbaycanı gözdən salmaqdır:
“Müxalif qüvvələrin seçkilərdə uduzması, cəmiyyətin deyil, məhz müxalif dairələrin özünün səhvlərindən irəli gələn məsələlərdir. Azərbaycana avtoritar adı vermək isə sadəcə olaraq Azərbaycanı dünya birliyində nüfuzdan salmaq məqsədi daşıyır. Ölkəmizdə demokratik cəmiyyət quruculuğu vətəndaşların maraqlarına xidmət edir və heç bir halda “Freedom House” və onun kimi təşkilatların Azərbaycandakı şəxsi maraqları əsasında qurula bilməz”.
Qeyd edək ki, “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı dünyada azadlığın vəziyyətinə dair növbəti hesabatını açıqlayıb.
Sözügedən hesabatda təşkilat qərəzli şəkildə Azərbaycanda avtoritarizmin hökm sürdüyünü iddia edib.
Fatimə Kərimli