Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

   Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı
  13 Mart 2025    Oxunub:435
Bakıda Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanılıb.
Bu barədə AzVision.az -a DTX-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il martın 5-də Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə kompleks tədbirlər həyata keçirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, SOCAR Neft Emalı Zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun N-21/1 saylı nasos sisteminin iş planına uyğun təmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməyib. Belə ki, növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdaredici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil verib.

Nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsinin borudan təzyiq altında sızaraq, alovlanıb geniş ərazini əhatə edən yanğın yaratması insanların həyat və sağlamlığına ciddi təhlükə doğurub, ilkin emal qurğusunun istismardan çıxarılmasına, ətrafda olan konstruksiyaların yanmasına və əlaqəli digər texniki qurğuların sıradan çıxmasına, habelə yanacaq materiallarının istehsalı prosesində fasilələr yaranmasına və maddi ziyan vurulmasına səbəb olub.

Bundan başqa, 8 mart 2025-ci il tarixində yanğının nəticələrinin aradan qaldırılması və qurğunun təmirə hazırlanması prosesi çərçivəsində eyni növbə heyəti tərəfindən həmin ilkin emal qurğusunun borularında və qurğuda olan dizel məhsulunun boşaldılması zamanı təhlükəsizlik qaydaları pozulmuş, ərazidə qaynaq işləri aparılmasına baxmayaraq, dizel məhsulu emal qurğusunun yerləşdiyi torpaq sahəsinə axıdılmış, bununla da təkrar yanğın təhlükəsi yaranmış, müəssisədə iş prosesi pozulmuş və maddi ziyan vurulub.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri, baş operator Qarayev Sadiq Hümbət oğlu saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti