ÜST: Qarayara xəstəliyinin yayılma riski yüksəkdir

      ÜST:    Qarayara xəstəliyinin yayılma riski yüksəkdir
  09 Dekabr 2023    Oxunub:1073
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zambiya və ətraf regionda qarayara xəstəliyinin yayılma riskini yüksək qiymətləndirir.
AzVision.az -ın məlumatına görə, ÜST-ün Cenevrədə dərc olunan bülletenində bu ölkədə 684 nəfərdə qarayara şübhəsi ilə yoluxma faktı aşkarlanıb. Dörd nəfər ölüb.

ÜST diqqəti ölkənin 10 əyalətindən 9-na təsir edən Zambiyada mövcud olan qarayara xəstəliyinin “görünməmiş” xarakterinə yönəldir. Əvvəlki böyük epidemiya 2011-ci ildə baş vermişdi. Həmin vaxt bu xəstəliyə şübhəli 511 hal qeydə alınıb. Hazırda epidemiya Zambezi çayı hövzələri və onun qolları olan Kafue və Lunqva boyunca yerləşən əyalətlərdə yayılır. "Zambiya daxilində yayılma riski heyvanların əyalətlər arasında məhdudiyyətsiz hərəkəti səbəbindən artıb", - təşkilatdan bildirilib.

"Regional səviyyədə risk həm heyvanların, həm də insanların Zambiya ilə qonşu ölkələr, o cümlədən Anqola, Botsvana, Konqo Demokratik Respublikası, Malavi, Mozambik, Namibiya, Tanzaniya, Uqanda və Zimbabve arasında tez-tez hərəkəti səbəbindən yüksək hesab olunur", - təşkilatdan bildirilib.

Təşkilat xatırladıb ki, 2023-cü ildə Zambiyada ilk qarayara yoluxma halı iyunun 16-da aşkar edilib və noyabrın 20-nə olan məlumata görə, ölkədə bu xəstəliyə yoluxma şübhəsi ilə artıq 684 nəfər var. Bu hallar Zambiyanın 116 rayonundan 44-də qeydə alınıb.

Qarayara xəstəliyi insanlar və məməlilər üçün dünyada ən təhlükəli infeksiyalardan biri hesab olunur. Bəşəriyyətin xəstəliyin öhdəsindən gəlməyi öyrənməsinə baxmayaraq, infeksiyanı tamamilə aradan qaldırmaq hələ mümkün olmayıb. Onun epidemiyaları vaxtaşırı müxtəlif ölkələrdə baş verir. Bir dəfə yoluxduqda, xəstəlik sürətlə inkişaf edir, bakteriyalar torpaqda illərlə qala bilər.

AzVision.az




Teqlər:





Xəbər lenti