Rusiya İrana 40 ildə tətbiq olunandan üç dəfə çox sanksiya görüb

 Rusiya İrana 40 ildə tətbiq olunandan  üç dəfə çox sanksiya görüb
  22 Fevral 2024    Oxunub:1032
2022-ci ilin fevralından Rusiyaya qarşı 15 628 sanksiya tətbiq edilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir
Rusiyaya qarşı ən çox sanksiyaları ABŞ tətbiq edib. Ukraynada müharibə başlayan gündən bəri Vaşinqton Moskvaya qarşı 3,5 minə yaxın məhdudlaşdırıcı tədbir tətbiq edib. İkinci yerdə 2377 sanksiya ilə İsveçrə qərarlaşıb. Kanada 2087 qərarla ilk üçlüyü qapayıb.

Həmçinin Rusiya Federasiyasına qarşı mindən çox sanksiya tətbiq edənlər arasında Böyük Britaniya (1949), Avropa İttifaqı (1837), Yeni Zelandiya (1620), Avstraliya (1254) da var.

Ən az məhdudiyyət tədbiri isə Cənubi Koreya (15) Sinqapurun(5) payına düşür.

Məsələnin maraqlı tərəfi isə Rusiyaya qarşı sanksiyaların ümumi sayının İrana 40 il ərzində tətbiq edilən məhdudiyyətlərin sayından üç dəfə çox olmasıdır. Moskva artıq 2 il ərzində 5011 təzyiq tədbirləri ilə üzləşib.

Qeyd edək ki, dünən Avropa İttifaqı (Aİ) rəsmiləri Rusiya əleyhinə sanksiyaların 13-cü paketini qəbul ediblər. Bu barədə Aİ Şurasında təmsil olunan Belçikalı diplomatlar məlumat yayıblar. Paketin Rusiyanın Ukraynada başlatdığı müharibənin ikinci ildönümündə təsdiqlənməsi planlaşdırılır. Belçika nümayəndələrinin məlumatına görə, o, fevralın 24-də rəsmi olaraq təsdiqlənəcək.



"Reuters"in yaydığı məlumata görə, qara siyahıya 200-ə yaxın şirkət və fiziki şəxs düşə bilər.

Bloomberg nəşri isə yeni paketə dair sənədlərə istinadən yazıb ki, Rusiya müdafiə sənayesi müəssisələrinə silah istehsalı və ya əsas texnologiyalar, elektron komponentlərin tədarükü ilə məşğul olan 55 şirkət və 60 nəfər məhdudiyyətlərə məruz qalacaq. Sanksiya siyahısına bir sıra məmurlar da əlavə oluna bilər - xüsusən də prezidentin təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı və Tula vilayətinin hazırkı qubernatoru, general-polkovnik Aleksey Dyuminin adı daha çox hallanır.

TASS-ın öz mənbələrindən əldə etdiyi məlumata görə, məhdudiyyətlər təkcə Rusiyadan deyil, həm də bir sıra tərəfdaş dövlətlərdən - Çin, İran və Koreya Xalq Demokratik Respublikasından(KXDR) olan fiziki və hüquqi şəxslərə də şamil olunacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Sanksiya  





Xəbər lenti