Polşada katolik kilsəsində ibadət zamanı Xocalı şəhidləri anılıb

   Polşada katolik kilsəsində ibadət zamanı Xocalı şəhidləri anılıb
  26 Fevral 2024    Oxunub:682
Xocalı soyqırımının 32-ci ildönümü Polşada da qeyd edilib.
AzVision.az xəbər verir ki, Polşa Azərbaycanlıları Şurası tərəfindən Xocalı soyqırımı ilə bağlı Varşava şəhərindəki "Evangelist Lukas" katolik kilsəsində 250-dən çox Polşa vətəndaşının iştirak etdiyi tədbir təşkil edilib. Xocalı faciəsinin qurbanları kilsədə katoliklərin "messa" saatı adlanan kütləvi ibadəti zamanı yad olunub.

İbadət bitdikdən sonra kilsə keşişi Yan Popiel Xocalı hadisələri və soyqırımı şəhidləri haqqında kilsəyə toplaşmış yerli əhali qarşısında çıxış edib. O, Xocalı soyqırımının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi ən böyük cinayətlərdən biri olduğunu deyib: "Son illər beynəlxalq ictimaiyyət bu cür faciələrlə bağlı həqiqətin üzə çıxarılması istiqamətində mühüm irəliləyişlər əldə etmişdir. 16 ölkə və ABŞ-ın 22 ştatı Xocalı qətliamını pisləyib. Azərbaycanlılar və onların dünyadakı dostları bu faciəli gündə insan həyatının dəyərini ucaltmaq və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinin vacibliyini vurğulamaq üçün toplaşırlar. 1992-ci il fevralın 26-nın o qaranlıq və şaxtalı qış gecəsində həlak olanların xatirəsini ehtiramla yad edək".

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli çıxış edərək deyib: "Hörmətli kilsə keşişi, sizə Polşadakı bütün Azərbaycan icması adından dərin təşəkkürümü bildirmək istəyirəm. Dəstəyinizə, həlak olan qurbanlar üçün dualara və Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəli hadisələrin ildönümündə ibadət mərasimini keçirdiyinizə görə təşəkkür edirik. İnsan həyatının dəyərinin etnik və dini bölgüsü yoxdur. Xocalı acısı və digər hərbi cinayətlər qəlbimizdə əbədi qalacaq".

Polşa Azərbaycanlıları Şurasının üzvləri tərəfindən yerli əhalinin məlumatlanması üçün kilsənin qarşısında Xocalı soyqırımını əks etdirən şəkillərdən ibarət sərgi nümayiş etdirilib. Eyni zamanda, Xocalı soyqırımı həqiqətləri haqqında 100-dən çox kitabça yerli əhaliyə paylanılıb. Polşa Azərbaycanlıları Şurasının üzvləri tərəfindən həm polyakca, həm də ingiliscə Xocalı soyqırımı haqqında geniş məlumatlar insanlara çatdırılıb. Yerli ictimaiyyət baş verən bu hadisələrə görə təəssüf hissi keçirdiklərini və bu kimi maarifləndirici tədbirləri təqdir etdiklərini bildiriblər.

Qeyd edək ki, katolik kilsəsinin baş keşişi tərəfindən yerli əhali qarşısında Xocalı soyqırımı haqqında danışılması, bu faciəni törədənlərin sərt şəkildə qınanılması və soyqırımı qurbanlarının xatirəsinə dua edilməsi ümumi Avropa ölkələrində daha öncə baş tutmayıb. Bu tədbirlə Polşa Azərbaycanlıları Şurası bir ilkə imza atıb və Polşa-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə hər zaman olduğu kimi yenə öz töhfəsini verib. Yerli xalqın məlumatlanması istiqamətində belə tədbirlərin təşkil edilməsi dövlətimizin xarici siyasətinə dəstək olması və qarşıdakı illərdə Polşanın Xocalı faciəsini dövlət səviyyəsində soyqırımı kimi qəbul etməsi üçün mühüm önəm kəsb edir.

AzVision.az



Teqlər:





Xəbər lenti