Hindistan indi də Kiyevi silahlandırır: Yüz minlərlə mərmi Ukraynaya verilir

     Hindistan indi də Kiyevi silahlandırır:   Yüz minlərlə mərmi Ukraynaya verilir
  26 Fevral 2024    Oxunub:1101
Hindistanın yüz minlərlə artilleriya mərmisi var. Berlin vasitəçilərin əli ilə Dehlidən mərmilərin Ukraynanın ehtiyacları üçün alınmasını müzakirə edir.
Bu fikrilər “Spiegel”də dərc olunan məqalədəndir. Nəşr öz mənbələrinə istinad edərək yazır ki, danışıqlar gizli aparılır. Çünki Hindistan hakimiyyəti Moskva ilə münasibətləri korlamaq istəmir.

Ukraynanı "mərmi aclığı" gözləyir - "The Wall Street Journal"
Məqalədə qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin maraqlarına uyğun oxşar sövdələşmələr ərəb ölkələri ilə də bağlana bilər. Çünki bu ölkələrin bəziləri də Dehli kimi böyük mərmi ehtiyatına malikdir.

Ekspertlər isə Balkan və bir sıra Afrika ölkələrindən də sursat daşımaq imkanlarının olduğunu deyirlər. Alman kəşfiyyat xidmətləri Ukrayna Silahlı Qüvvələrinin iyun ayına qədər mərmi ehtiyatlarını bitirəcəyindən ehtiyat edirlər.

"Təəssüf ki, artilleriya və zenit sursatları dünyanın ayrı-ayrı "rəflərində" o qədər də geniş tapılmır",- Almaniya Müdafiə Nazirliyinin Ukraynadakı vəziyyətə dair mərkəzinin rəhbəri Kristian Freydinq gileylənib. O, Almaniya hökumətinin bu il Ukraynaya silah alınması üçün 7 milyard avro ayıracağına da aydınlıq gətirib. Berlin rəsmisi qeyd edib ki, bununla bağlı hansısa “pul çatışmazlığı yoxdur”.

Qeyd edək ki, Hindistan İrəvanı da silahlandır. İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla hərbi və iqtisadi sahədə fəal əməkdaşlıq kursu götürüb. 2022-ci ilin sentyabrında iki ölkə arasında imzalanan hərbi müqavilələrə görə Hindistan Ermənistana 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və bir sıra digər hərbi sursat tədarük etdi. Həmçinin Hindistan mediası ölkənin özəl şirkəti “Kalyani Strategic Systems Ltd”nin (Bharat Forge) 155 mm-lik yedəkli haubitsaların (ATAGS) tədarükü üçün ilk ixrac sifarişini aldığını xəbər vermişdi.

Hələ fevralın 8-də "The Wall Street Journal" Ukraynanı "mərmi aclığı" gözləməsi barədə məqalə dərc etmişdi. Nəşr Almaniya kansleri Olaf Şolzun fikirlərindən sitat gətirib. İddia edilir ki, Ukrayna Silahlı Qüvvələrinin atdığı hər mərmiyə on rus mərmisi ilə cavab verilir.

"The Spectator" nəşri isə fevralın 22-də dərc etdiyi məqalədə Avdeyevka məğlubiyyətinin əsas səbəbini məhz mərmi problemi ilə əlaqələndirmişdi.

Bundan başqa, NATO baş katibi Yens Stoltenberq Ukrayna cəbhəsində vəziyyətin Kiyevin əleyhinə gərginləşdiyini etiraf edib. O qeyd edib ki, cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri üçün çox çətin vəziyyət yaranıb: "Avdeyevkanın tutulması da daxil olmaqla, Rusiyanın bəzi nailiyyətlərini gördük".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva qoşunları Kiyevə qədər yeridə bildi. Lakin sonradan ruslar geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları isə ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Mərmi   Hindistan  





Xəbər lenti