Avropa Parlamentinin deputatı NATO-nu terror təşkilatı adlandırdı

   Avropa Parlamentinin deputatı    NATO-nu terror təşkilatı adlandırdı
  27 Fevral 2024    Oxunub:1029
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) terror təşkilatıdır".
AzVision.az xəbər verir ki, bunu irlandiyalı siyasətçi, Avropa Parlamentinin deputatı Mik Uolles "X" sosial şəbəkəsində NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın alyansa üzv olacağı ilə bağlı sözlərini şərh edərkən yazıb.

Çekov: "Makron dünya müharibəsinin başlaması üçün ciddi addım atdı"
"Hərbi maşın olan NATO qana bulanmış terror təşkilatıdır", - Uolles qeyd edib.

O həmçinin yazıb ki, Avropa İttifaqının NATO ilə heç bir əlaqəsi olmamalıdır: "Biz müharibə üçün deyil, sülh üçün çalışmalıyıq..."

Qeyd edək ki, dünən Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) ölkələrinin ordu birləşmələrini Ukraynaya göndərməsinin mümkünlüyünü etiraf edib. O Parisdə Kiyevlə bağlı keçirilən konfransdan sonra deyib ki, toplantıda hətta Aİ ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinə dair imkanlar da müzakirə olunub. Bundan başqa, Fransa lideri Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını bəyan edib.

Parisdə keçirilən konfransda Qərb ölkələrinin qoşunlarının Ukraynaya göndərilməsi müzakirə olunsa da, avropalı liderlər bu mövzuda konsensus əldə etməyiblər.

Toplantı iştirakçıları arasında Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Hollandiyanın baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin rəhbərləri olub.

Bu gün YLE-yə müsahibə verən Finlandiya prezidenti Sauli Niiniste NATO əsgərlərinin Ukraynaya göndərilməsinin əleyhinə çıxış edib.

Rusiya rəsmiləri Paris konfransı, Makronun bəyanatları ilə bağlı sərt mesajlar səsləndiriblər. Senator Sergey Çekov Fransa prezidentinin Ukrayna ilə bağlı çağırışlarını tənqid edərkən deyib ki, Makronun Kiyevi uzaqmənzilli silahlarla təmin etmək, Aİ koalisiyası fikri təhlükəli gedişdir. Fransa rəhbəri bu çağırışı ilə dünya müharibəsinin başlaması istiqamətində ciddi addım atıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Makron   Rusiya   Ukrayna   Deputat  





Xəbər lenti