ABŞ Konqresində anti-türk qüvvələr məğlub oldular

   ABŞ Konqresində    anti-türk qüvvələr məğlub    oldular
  01 Mart 2024    Oxunub:718
Vaşinqton və Ankara arasında F-16 qırıcı-bombardmançı təyyarələrlə bağlı sazişinin həyata keçirilməsinə ABŞ Konqresində mane olmaq cəhdi iflasa uğrayıb.
AzVision.az Rusiyanın “TASS” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu cəhd Konqres Senatının üzvü Rend Pol tərəfindən (Kentukkidən olan respublikaçı) edilib. O, Nümayəndələr Palatasının və Senatın ABŞ administrasiyasına Türkiyəyə yeni F-16 təyyarələri, müvafiq avadanlıq və silahlar verməsini, həmçinin Ankaranın artıq malik olduğu bu hərbi texnikanı modernləşdirməsini qadağan edən birgə qətnamə layihəsi hazırlayıb.

Lakin cümə axşamı Konqresin yuxarı palatasında sənədə baxılmasının mümkünlüyü üzrə keçirilən prosessual səsverməni nəzərə alaraq, bu təşəbbüsün rədd edilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, ABŞ-nin icraedici hakimiyyəti yanvarın sonunda Türkiyəyə 23 miyarda dollar həcmində F-16 döyüş təyyarələri, onlar üçün təkmilləşdirmə dəstləri və digər sistemlərin satışına icazə verib.

Söhbət 40 yeni F-16-nın tədarükündən, Ankaranın artıq malik olduğu bu təyyarələrdən 79-nun modernləşdirilməsindən, eləcə də ehtiyat hissələrinin və müxtəlif sistemlərin, o cümlədən naviqasiya və rabitə vasitələrinin satışından gedir.

Amma ABŞ-nin qanunverici orqanı Amerika administrasiyası tərəfindən təklif olunan silah və hərbi texnikanın ixracına dair iri müqavilələri 30 gün müddətinə bloklamaq səlahiyyətinə malikdir. Bunun üçün Nümayəndələr Palatasında və Senatda müvafiq qətnamə təsdiq edilməlidir. Lakin ABŞ prezidenti daha sonra belə bir qətnaməyə veto hüququndan istifadə edə bilər. Vetonu ləğv etmək üçün isə həm Senatda, həm də Nümayəndələr Palatasında 2/3 səs çoxluğu tələb olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti