MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanlarının rəhbərləri görüşdü

   MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanlarının rəhbərləri görüşdü
  25 May 2024    Oxunub:928
Mayın 24-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətindən AzVision.az -a verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev iştirak edib.



Beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması və ölkələrin hüdudlarından kənarda döyüş hazırlığı keçməklə cinayətkar qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərin müəyyən olunaraq fəaliyyətlərinin qarşısının alınması iclasın gündəliyində duran əsas məsələlərdən olmuşdur. Tədbirdə dünyanın geosiyasi müstəvisində müşayiət olunan gərginliklər, mürəkkəb və ziddiyyətli proseslər fonunda beynəlxalq təhlükəsizlik sisteminin yeni təhdidlərlə üz-üzə qaldığı, terror riskinin dəfələrlə artdığı və kibercinayətkarlıq hallarının daha intensiv xarakter aldığı xüsusi vurğulanıb.



Yuxarıda sadalananlarla bərabər, MDB məkanında müəyyən maraqları olan qüvvələrin kəşfiyyat-pozuculuq fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı kimi ciddi narahatlıq doğuran mənfi təzahürlərə qarşı səylərin birləşdirilməsinin və mövcud imkanları səfərbər etməklə birgə effektiv mübarizənin aparılmasının zəruriliyinə də toxunulub.



Tədbirdə mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı çıxışlar edilmiş, ətraflı müzakirələr aparılmış və gələcək əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti