Dörd ayda narkotiklərə qarşı görülən işlərin statistikası

  Dörd ayda narkotiklərə qarşı görülən işlərin statistikası
  25 May 2024    Oxunub:954
Bu ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3796 cinayət faktı aşkarlanıb. Onlardan 1069-u narkotik vasitələrin qanunsuz satışı, 2701-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 25-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 262 kiloqram 740,326 qram narkotik vasitələrin və psixotrop maddələrin 336 kiloqram 272,118 qramını heroin, 1 ton 725 kiloqram 753,709 qramını marixuana, 60 kiloqram 267,327 qramını tiryək, 26 kiloqram 557,101 qramını həşiş, 105 kiloqram 521,551 qramını psixotrop maddələr, 8 kiloqram 368,52 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 9190 ədəd metadon həbi, 138 ədəd çətənə kolu və 236,1 qram güclü təsir edən maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bu ilin yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 2 ton 262 kiloqram 740,326 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 64 milyon 844 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2150 nəfər cəlb edilib. Onlardan 2090-ı kişi, 60-ı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kiloqram 587,468 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 74 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 777 kiloqram 612,157 qram narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 84-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 579 kiloqram 340,76 qram narkotik vasitə və psixotrop maddə və 4,6 qram güclü təsir edən maddə müsadirə edilib. 717 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 401 kiloqram 714,9 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilməsi 196, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 261, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, digər növ cinayət faktların sayı 27, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 25 fakt, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi 849 kiloqram 469,288 qram, məsuliyyətə cəlb edilənlərin sayı isə 407 nəfər azalıb.

Narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 105 fakt, qrup halında olan cinayətlərin sayı isə 4 fakt artıb.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 27 min 180 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 835 nəfərdən 562 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların Qanda İmmun Çatışmazlığı Virusuna (QIÇS) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 4 ay ərzində İİV-ə 536 nəfər yoluxub. Onlardan 526 nəfəri Azərbaycan vətəndaşı, 10 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (6,3%-i) inyekson narkotik istifadəçiləri olub.

“802” qaynar xətt telefon zəng xidmətinə 148 vətəndaş müraciəti daxil olub ki, onların 47-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 53-ü narkotik asılılıqdan müalicə, 48-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 100 məktub ünvanlanıb.

802 – “qaynar xətt” zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr çıxarılıb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti