Özümüzü tozdan necə qoruyaq?
Bu məqamda sual yaranır: Toz niyə təhlükəlidir və özümüzü ondan necə qoruyaq?
Bir çox insan yalnız zəhərli qazlardan qorunmaq lazım olduğunu düşünür, lakin zərərinə görə toz ondan geri qalmır. Toz insan orqanizmində yığılmağa meyllidir, tənəffüs və qan dövranı sistemlərində ciddi problemlər yaradır.
Tozun zərəri hissəciklərinin ölçüsündən və tənəffüs yollarında konsentrasiyasından asılıdır. Kvars və ya asbest tozu insanlara ən zərərli olanlardan biridir. Sonrakı yeri kömür tozu tutur.
Amma növündən asılı olmayaraq, toz pnevmokonioz və toz bronxiti kimi ağciyər xəstəliklərinə səbəb ola bilər. Mövsümi yuxarı tənəffüs yollarının xəstəliklərindən əziyyət çəkənlər tozdan qorunmaq üçün xüsusi diqqət yetirməlidirlər.
Siqaret çəkənlər də belə vaxtlarda ciddi problemlərlə üzləşirlər. Tütün zəhərlənməsi səbəbindən ağciyərlərinin çoxunu itirmiş insanlar üçün qalan sağlam hissələr lazımi nəfəs alma qabiliyyətini təmin edə bilmir. Ekoloji problemlərin ciddi xəbərçisi olan toz fırtınaları həm də mikroplastik süni polimerləri və ya bədəndə çökən plastik tozları daşıya bilər.
Praktikada tozdan qorunmaq üçün effektli üsul yoxdur. Ancaq zərərli təsirlərin gücünü azaltmağa cəhd etmək olar. Pəncərələri möhkəm bağlayın və lazım olmadıqca çölə çıxmayın. Səthləri nəm bir parça ilə silin və mümkünsə qabları su ilə doldurun və otaqda saxlayın. Bol maye, xüsusilə də yaşıl çay içmək, yağlı qidaların qəbulunu məhdudlaşdırmaq və ən azı bu müddət ərzində siqaretdən uzaq olmaq lazımdır.
Sprey və ya hava təmizləyici vasitələrdən istifadə etməyin. Onlar onsuz da kiçik həcmdə təmiz havaya mənfi təsir göstərirlər.
Ən vacib və ən təsirli vasitə tibbi maska taxmaqdır. Mümkünsə, süni parçalardan qaçın və təbii cuna istifadə etməyə çalışın.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: