Daimi seçicilərin siyahısı tərtib edilib
Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ilk növbədə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına təqdim edilir.
Bildirilib ki, bu istiqamətdə lazımi addımlar atıldıqdan və zəruri işlər görüldükdən sonra seçici siyahıları aidiyyəti üzrə aşağı seçki komissiyaları tərəfindən təsdiqlənir və dövlət avtomatlaşdırılmış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilir. Sözügedən prosesə bütövlükdə may ayının 30-dək yekun vurulur.
Cari il seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılması 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsinə təsadüf etdiyindən MSK vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyan seçici siyahılarının dəqiqləşdirilməsini əsas prioritetlərdən biri kimi diqqətdə saxlayaraq prosesləri daha da intensivləşdirib və qanunvericiliyin tələblərinə uyğun qaydada ardıcıl, sistemli tədbirlər həyata keçirib.
Belə ki, seçici siyahılarının dəqiqləşdirilməsi müddətində fərqli üsullarla silsilə təşviqat kampaniyası gerçəkləşdirilib, MSK-nın hazırladığı video və audio çarxlar televiziya və radio yayımçıları, Komissiyanın rəsmi internet səhifəsi, onlayn media portalları və sosial media platformaları vasitəsilə müntəzəm nümayiş etdirilərək geniş miqyasda ictimailəşdirilib.
O cümlədən, birgə layihə çərçivəsində ilk dəfə "ASAN xidmət" mərkəzlərində yerləşən smart monitorlara seçici siyahılarına dair xidmət əlavə olunub ki, bu effektiv vasitə seçicilərə öz məlumatlarını yoxlamaq, düzəlişlərə ehtiyac yarandıqda yerindəcə sadə üsulla operativ şəkildə MSK-ya müraciət ünvanlamaq, habelə səs verəcəkləri məntəqəyə dair informasiya əldə etməyə imkan yaratıb.
Qeyd edilib ki, sadalanan məqsədyönlü layihələrlə yanaşı, dəqiqləşdirmə prosesində seçicilərin fəallığı, informasiya-kommunikasiya texnologiyalarının və media qurumlarının imkanlarından geniş istifadə olunması da görülən işlərin səmərəliliyinin yüksəldilməsində və siyahıların daha təkmil hazırlanmasında əhəmiyyətli rol oynayıb.
Aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvünün cəlb olunduğu dəqiqləşdirmə prosesi Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılıb.
AzVision.az
Teqlər: