İlham Əliyev Xocalı sakinləri ilə görüşüb - FOTOLAR - YENİLƏNİB

   İlham Əliyev Xocalı sakinləri ilə görüşüb -  FOTOLAR - YENİLƏNİB
  28 May 2024    Oxunub:2123
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.
xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə sakinlərlə söhbət etdilər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Cənab Prezident, xoş gəlmisiniz. Qədəmləriniz mübarək. Allah Sizi qorusun.

Mehriban xanım Əliyeva: Sizi təbrik edirəm.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Salam. Siz də xoş gəlmisiniz.

Sakin: Allah Sizi qorusun. Allah Sizə cansağlığı versin. Sizinlə fəxr edirik. Nə yaxşı ki, varsınız.

Prezident İlham Əliyev: Çox sağ olun. Xocalı necə gözəlləşib.

Sakin: Gözəldir, Sizin sayənizdə, hamımız minnətdarıq. Bütün xocalılılar Sizə minnətdardır, cənab Prezident. Nə yaxşı ki, bizim belə Prezidentimiz var. Vallah, Sizinlə fəxr edirik. Sevincimizin həddi-hüdudu yoxdur.

Prezident İlham Əliyev: Sağ olun. Bu gün bayram günüdür, Müstəqillik Günüdür. İlk növbədə, Sizi Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sakin: Çox sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: Bu gözəl gündə xocalılılar artıq qayıdırlar.

Sakin: Bəli, görüşdük.

Prezident İlham Əliyev: Həm görüşürük, həm də ki, birinci 20 ailə Xocalıya qayıdır. Bu münasibətlə də sizi ürəkdən təbrik etmək istəyirəm.

Sakinlər: Çox sağ olun, Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur.

Sakinlər: Bəli, gözəlləşib. Çox sağ olun.

Prezident İlham Əliyev: Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə.

Sakin: Siz onsuz da qədəmlərinizi haraya qoyursunuzsa, orada gül-çiçək canlanır, bütün torpaqlar çiçəklənir.

Prezident İlham Əliyev: Sağ olun. Xocalılılar müxtəlif yerlərdə məskunlaşmışdılar və müstəqillik illərini Xocalıdan ayrı keçirməli oldular. Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli oldular, o cümlədən Ağcakənd kəndində. Bildiyiniz kimi, birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndərin iştirakı ilə salınmışdır.

Sakin: Qisasımızı aldınız, qurban Sizə.

Prezident İlham Əliyev: Mən də, Mehriban xanım da o vaxt orada idik və o vaxtdan bu günədək, görün, nə qədər gözəl tarix yazdıq, Qarabağı tam azad etdik. Mən bilirəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək.

Sakinlər: Bəli, Sizə inanırdıq.

Prezident İlham Əliyev: Mən də bilirdim, şübhə etmirdim, sadəcə olaraq, onun vaxtı var idi. Onu da təxmin edirəm, xocalılılar bəlkə də gözləmirdilər ki, bu, bu qədər tez baş verəcək.

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Çünki müxtəlif fikirlər var idi, o cümlədən Ermənistanda müxtəlif gözləntilər var idi. Burada - Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sakinlər: Amin!

Prezident İlham Əliyev: Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik.

Bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək.

Bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır.

Sakinlər: Çox gözəldir, cənab Prezident, Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Həm abad, gözəl evlər, istirahət zonaları. O qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək. Siz də buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız - kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi. Sizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram.

Sakinlər: Çox sağ olun, minnətdarıq. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: İndi də açarları sizə təqdim edək.

x x x

Dövlətimizin başçısı və birinci xanım evlərin açarlarını sakinlərə təqdim etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

x x x

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəzdilər, görülən işlərlə tanış oldular.

Prezident İlham Əliyev: Xocalının indi quruluşu dəyişir, əvvəllər burada nə olub, yadınızdadır?

Sakinlər: Çox dəyişib. Bəli, əlbəttə, yadımızdadır. Bura dairə idi, Mədəniyyət evi. Yanğın meydançası var.

Prezident İlham Əliyev: O vaxt qəsəbənin mərkəzi bura idi?

Sakinlər: Xeyr, bura baş hissə idi, mərkəz bir az qabaqdadır. Təqdimat olacaq yer.

Prezident İlham Əliyev: Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Gedək ona bərabər baxaq.

Sakinlər: Allah Sizin canınızı sağ eləsin. Allah köməyiniz olsun. Bu sevinci bizə yaşatdınız. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah Sizi var eləsin. Sizin sayənizdə gəlmişik bu gözəl yerə, gözəl vətənə. Bu gün gözəl Bayrağın altında sevinci yaşayırıq. Bundan gözəl nə ola bilər?

Prezident İlham Əliyev: Bəli, Xocalı indi böyük şəhər olacaq.

Sakin: Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Bu, hələ birinci mərhələdir.

Sakin: Allah Mehriban xanımı, övladlarınızı xoşbəxt eləsin. Vallah, bundan gözəl xoşbəxtlik nə ola bilər? Yaşayırıq, gözəldir, hər şey yaxşıdır.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz. Vətəninizdən 30 ildən çox məhrum olmusunuz.

Sakin: Bəli, cənab Prezident, demək olar ki, 30 ildir. Bizim əhali XX əsrin faciəsini yaşayıb, Xocalı faciəsini. Burada olan bütün insanlar o faciədən çıxmış insanlardır. Bütün bunlara baxmayaraq, bu gün biz kədərli olsaq da, sevincimizin həddi-hüdudu yoxdur. Kədərliyik ona görə ki, Xocalı faciəsini yaşamışıq, Xocalı faciəsindən çıxmışıq. Xocalıda elə bir ailə yoxdur ki, həmin faciə vaxtı itki verməsin, şəhid verməsin. Yəni, bütün bunlara baxmayaraq, Sizin xarici və daxili siyasətiniz nəticəsində bizim torpaqlarımız azad edildi. Daha sonra keçən ilin sentyabr ayında antiterror əməliyyatı nəticəsində Xocalımız separatçı ermənilərdən təmizləndi və azad edildi. Sizin sayənizdə qısa müddət ərzində Xocalımız belə gözəlləşdi.

Prezident İlham Əliyev: Səkkiz aya.

Sakinlər: Səkkiz aya, bu, möcüzədir. Səkkiz aya bax belə quruculuq işləri aparıldı.

Prezident İlham Əliyev: Mən xüsusi tapşırıq vermişdim, antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik.

Sakin: Cənab Prezident, Xocalıda ilk şəhid mənim qardaşım olub. 1991-ci il sentyabr ayının 9-dan 10-na keçən gecə 25 yaşında.

Prezident İlham Əliyev: Necə şəhid olub? Döyüşlər gedirdi, yoxsa hücum etmişdilər?

Sakin: Yox, dağdan “Qrad” atdılar, yox, “Alazan” atdılar. Düşdü, qardaşım da postda idi, həmin vaxt biz kəndi qoruyurduq.

Prezident İlham Əliyev: Hansı tərəfdən atırdılar?

Sakinlər: Baxın, o dağın bu üzündən, meşəlikdən. Allah Sizə dəyməsin, bu xoşbəxtliyi bizə Siz yaşatmısınız. Bunu mən həmişə demişəm, mənim birinci arzum olub Sizi xanımınızla bax belə, yan-yana, yaxından görüm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Mən onu bilirəm ki, dünyada Sizin kimi Prezident olmayıb, olmayacaq da. Həqiqətən, vicdan haqqı. Bunu hamı deyir, təkcə bizim Xocalı camaatı yox, bütün Qarabağ, bütün Azərbaycan xalqı. Bu, son 200 ildə tariximizdə olmayan bir şeydir. İndi Sizin sayənizdə biz qalib xalq kimi yaşayırıq.

Prezident İlham Əliyev: Siz yaxşı bilirsiniz ki, o vaxt bura Dağlıq Qarabağ Muxtar Vilayəti idi və burada yaşayan azərbaycanlılar da istər-istəməz erməni rəhbərlərə tabe olmalı idilər.

Sakinlər: Doğrudur. Yüzə-yüz elə idi.

Prezident İlham Əliyev: Sizi nə qədər sıxışdırırdılar. Mən xocalılılarla çox görüşmüşəm, hətta burada tam məktəb də olmayıb.

Sakinlər: Olmayıb.

Prezident İlham Əliyev: Olmayıb ki, getsin uşaqlar orada oxusun. Orada da min dənə əzab-əziyyət çəkirdilər.

Sakinlər: Bütün yarışlara gedəndə də bizi sıxışdırırdılar, yer vermirdilər. Deyirdilər ki, azərbaycanlısan.

Prezident İlham Əliyev: Bir tərəfdə Xankəndi, bir tərəfdə Əsgəran.

Sakinlər: Qalmışdıq bunların arasında. Həqiqətən, cənab Prezident, Siz Şuşadan, - həmin kadrlar mənim yadımdan çıxmır, - qardaş ölkənin Prezidenti cənab Ərdoğanla Xankəndiyə baxanda dediniz ki, olacaq.

Prezident İlham Əliyev: Olacaq.

Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım.

Prezident İlham Əliyev: Əsir düşmüşdün?

Sakin: Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz.

Prezident İlham Əliyev: Xankəndidə əsir düşmüşdünüz?

Sakin: Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar.

Prezident İlham Əliyev: Yox, gedib baxmaq olar.

Sakin: Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar.

Prezident İlham Əliyev: Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə bir tərəf olacaq Xankəndi, bir tərəf Ağdam. Ağdam şəhərinə də gələn il insanlar qayıdacaqlar.

Sakin: İnşallah. Bəli, cənab Prezident, Sizin sayənizdə, Sizin siyasətinizin nəticəsində biz Xocalıya qayıtdıq və işlərimizi gördük. Min şükür.

Prezident İlham Əliyev: Allaha şükür. Siz burada əbədi yaşayacaqsınız.

Sakinlər: Sağ olun, var olun, Allah Sizə dəyməsin.

Xocalı sakini Səriyyə Cəfərova: Cənab Prezident, mən bu evdə yaşamışam.

Prezident İlham Əliyev: Bu evdə?

Səriyyə Cəfərova: Bəli, bu evdə. Mən Sizi evimizə dəvət edirəm.

Prezident İlham Əliyev: Gedək, Mehriban xanım da gəlsin, gedək.

Səriyyə Cəfərova: Mən bu evdə doğuldum, bu evdə böyüdüm.

Prezident İlham Əliyev: Sonra ermənilər gəlib evinizdə yerləşmişdilər, elədir?

Səriyyə Cəfərova: Bəli, ermənilər bu evdə yerləşdilər və mənim anamı şəhid etdilər. Ondan sonra mən bir ailə olaraq üç əmim oğlunu itirdim, anamı itirdim.

Prezident İlham Əliyev: Bu xanımın evidir.

Mehriban xanım Əliyeva: Eləmi?

Səriyyə Cəfərova: Bəli, mənim anam bax bu evi tikib.

Prezident İlham Əliyev: Anası da şəhid olub.

Səriyyə Cəfərova: Bəli şəhid olub.

Mehriban xanım Əliyeva: Allah rəhmət eləsin.

Səriyyə Cəfərova: Anam üç qız uşağını atasız böyüdüb. Bu ev mənim üçün çox doğmadır, əzizdir.

Mehriban xanım Əliyeva: Bu, həmin evdir, qalıb?

Prezident İlham Əliyev: Bərpa etmişik.

Səriyyə Cəfərova: Bu evi bizə yenidən bəxş etdiniz, cənab Prezident. Məni evimə gətirən Prezident, Mehriban xanım, Sizə sonsuz təşəkkür edirəm ki, bu, mənim üçün yuxu deyil, xəyal deyil, bu, əsl gerçəkdir. Təşəkkürlər, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun, gedək evinizə baxaq. Amma əminəm ki, ümidlərinizi heç vaxt itirməmişdiniz.

Səriyyə Cəfərova: Heç vaxt itirmədim.

Prezident İlham Əliyev: Amma çox vaxt keçib təbii ki, 32 il başqa-başqa yerlərdə.

Səriyyə Cəfərova: Cənab Prezident, 32 il zaman keçdi. Amma mən Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədriyəm, tədqiqatçı jurnalistəm, 2017-ci ildə biz Sizinlə görüşmüşük, cənab Prezident.

Prezident İlham Əliyev: Harada?

Səriyyə Cəfərova: Mətbuat Günündə görüşmüşük biz və orada Sizinlə səmimi söhbətimiz də olub. Yəni, Siz həmişə xocalılılara xüsusi qayğı ilə yanaşmısınız.

Prezident İlham Əliyev: Elədir, düzdür.

Səriyyə Cəfərova: Allah elə qismət edib ki, mənə Ulu Öndərlə də görüşmək nəsib olub. 1995-ci ildə o, xocalılıları qəbul edib. Buyurun, cənab Prezident.

Prezident İlham Əliyev: Sizin həyətiniz budur?

Səriyyə Cəfərova: Bəli, bu həyətdir.

Prezident İlham Əliyev: Hə, yaxşıdır.

Səriyyə Cəfərova: Mən həmişə, - bayaq qeyd etdiyim kimi, - anamın oğul övladı olmadığına görə, bu həyəti becərirdim və deyirdim ki, qoy mənim anamın ürəyi böyüsün və mənim anam qış vaxtı...

Prezident İlham Əliyev: Artıq indi yenidən becərirsiniz.

Səriyyə Cəfərova: Yenidən burada elə bir həyat, elə bir gözəllik gördüm ki, bəlkə də bu gün anamın ruhu Sizi görür, bizi görür və nə qədər şad olur.

Prezident İlham Əliyev: Ruhu şaddır.

Səriyyə Cəfərova: Şad olur ki, onun evinə cənab Prezident gəlib. Bundan gözəl hiss harada var, cənab Prezident?

Prezident İlham Əliyev: Çox sağ olun.

Səriyyə Cəfərova: Bunu bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox gözəl tarixi bir hadisədir. Tarixi günləri yaşayırıq.

Səriyyə Cəfərova: Tarixi bir hadisədir ki, ilk dəfə mənim evimə gəlirsiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Həyət də yaxşıdır, böyükdür.

Mehriban xanım Əliyeva: Həyət də böyükdür.

Sakinlər: Allah Sizi xoşbəxt eləsin, Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Gedək.

Mehriban xanım Əliyeva: Gəlin, keçək baxaq.

x x x

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Səriyyə Cəfərovanın evində yaradılan şəraitlə tanış oldular.

x x x

Səriyyə Cəfərova: Buyurun, cənab Prezident, xoş gəlmisiniz. Buyurun, Mehriban xanım, xoş gəlmisiniz.

Mehriban xanım Əliyev: Sağ olun, sizinlə bərabər.

Səriyyə Cəfərova: Çox sağ olun. Bax o evdə doğuldum, bu evdə böyüdüm. Bu evdə bizim anamız üç qızı böyütdü, təhsil verdi, ali təhsil verdi. Bu gözəlliyi bizə Siz bəxş etdiniz, Xocalını Siz bizə bəxş etdiniz.

Prezident İlham Əliyev: Gözəl tikilib. Mən baxıram, divarları da qalındır, möhkəmdir.

Səriyyə Cəfərova: Çox gözəl, hər şey çox yüksək səviyyədə təmir olunub. Mehriban xanım, çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox gözəldir bura, mətbəxdir, qaz da var.

Səriyyə Cəfərova: İnşallah. Hər şey var, burada evlər yüksək səviyyədə təmir olundu və bu evləri bizə bəxş etdilər.

Prezident İlham Əliyev: Sizi təbrik edirik.

Səriyyə Cəfərova: Mən bir məsələni də vurğulamaq istəyirəm ki, mən Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədriyəm. Uzun illərdir Qarabağ həqiqətlərinin dünyada yayılmasında xidmət göstərirəm. Mehriban xanım, nə yaxşı ki, Sizin Qarabağ həqiqətlərinin yayılmasında çox böyük xidmətləriniz oldu. Mən “Xocalıya ədalət!” kampaniyasına görə təşəkkür edirəm ki, biz də azacıq olaraq ona dəstək verdik.

Mehriban xanım Əliyeva: Sağ olun, çox sağ olun.

Səriyyə Cəfərova: Buna görə də Xocalı soyqırımını dünyaya tanıtdıq. Xocalını dünyaya tanıtdıq.

Prezident İlham Əliyev: Bəli, “Xocalıya ədalət!” kampaniyasına qədər, siz də yaxşı bilirsiniz, Xocalı soyqırımı haqqında o qədər də böyük məlumat yox idi, dünyada geniş məlumat yox idi. Çünki Ermənistan çalışırdı ki, hər vəchlə bunu ört-basdır etsin, bizdə də o vaxt belə imkanlar yox idi sözün düzü. Amma “Xocalıya ədalət!” kampaniyası bütün dünyaya səs saldı, geniş vüsət aldı və bunun nəticəsində 13 ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıdı.

Səriyyə Cəfərova: Bəli, soyqırımı kimi tanıdı. Bundan sonra da mən inanıram ki, Mehriban xanımın, eyni zamanda, Sizin əməyiniz nəticəsində Xocalı soyqırımı tanınacaq. Siz bizə 8 ay ərzində belə bir gözəllik bəxş etdiniz. İnanın, mən heç vaxt güman etmirdim ki, evimə bax bu formada gələcəyəm. Bunu bizə yaşatdınız, cənab Prezident, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.

Sakinlər: İnşallah. Allah səsinizi eşitsin, Allah Sizi qorusun. Allah ömrünüzü uzun eləsin.

Səriyyə Cəfərova: Bir daha təşəkkür edirəm. Sizə minnətdarıq, cənab Prezident. Siz gəldiniz, mənim anamın ruhunu şad etdiniz. Mehriban xanım, çox sağ olun. Mənim anamın ruhu necə şad oldu. Bu gün mən özümü bu evdə çox xoşbəxt hiss edirəm. Çünki bu işığı mənə Siz bəxş etdiniz. İşığınız sönməsin, Mehriban xanım.

Digər qadın sakin: Cənab Prezident, Mehriban xanım, Sizə minnətdarıq. Soyqırımı qurbanlarının ruhu şaddır. Bu gün xocalılılar sevinirlər ki, bizim gözəl Prezidentimiz qisasımızı yerdə qoymadı. Mehriban xanım, evdə də Sizə dua edirəm. Allah-taala Sizi bir-birinizdən ayırmasın. Allah Sizə cansağlığı versin. İşığınız sönməsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Mehriban xanım Əliyeva: Sağ olun.

x x x

Daha sonra dövlətimizin başçısı və birinci xanım sakin Müşfiq Sadıqovun evində yaradılan şəraitlə tanış oldular.

x x x

Prezident İlham Əliyev: Sizin eviniz buradadır?

Müşfiq Sadıqov: Bəli, ata-baba evimiz qabaqdadır. Evin o daşı da orada durur. Yəqin ki, ermənilərin də yadından çıxıb, onu sökməyiblər, qalıb. 1976-cı ildə atamın adı-familiyası yazılıb.

Prezident İlham Əliyev: 1976-cı ildə?

Müşfiq Sadıqov: Bəli, atamın adı da, familiyası da.

Prezident İlham Əliyev: Burada qanunsuz məskunlaşmışdılar?

Müşfiq Sadıqov: Bəli, bizim evdə məskunlaşmışdılar, cənab Prezident.

Prezident İlham Əliyev: Böyük həyətin var, təqribən 20 sot olar.

Müşfiq Sadıqov: Dədə-baba yerimiz 20 sotdur.

Prezident İlham Əliyev: 20, görürsən də, necə görürəm.

Müşfiq Sadıqov: Buyurun, cənab Prezident, birinci qonağım Siz olun.

Prezident İlham Əliyev: Sağ olun. Neçə otaqdır?

Müşfiq Sadıqov: Dörd otaqdır.

Prezident İlham Əliyev: Bərpa olunub?

Müşfiq Sadıqov: Bəli, əvvəl də dörd otaq olub, sonra da.

Prezident İlham Əliyev: Üç yataq otağı, bir qonaq otağı.

Müşfiq Sadıqov: 1976-cı ildə tikilib.

Prezident İlham Əliyev: Çox gözəl, təmir yaxşıdır, razısınız?

Müşfiq Sadıqov: Çox gözəldir. Hər şey var, su, qaz, işıq.

Prezident İlham Əliyev: Bəs istilik?

Müşfiq Sadıqov: Kombi sistemimiz var. Çox gözəl təmir ediblər. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Burada xoşbəxt yaşayın.

Müşfiq Sadıqov: Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Prezident İlham Əliyev: O nə binasıdır, məktəbdir?

Sakin: Bəli, məktəbdir, təzə məktəbdir.

Prezident İlham Əliyev: Bu, o vaxt olmayıb?

Sakin: Xeyr, bizim köhnə məktəbin binasını onlar konserv zavodu ediblər. Bizim məktəb onillik olub.

Prezident İlham Əliyev: Xocalıda bir məktəb olub?

Sakin: Xeyr, 3 məktəb olub. Biri onillik, biri səkkizillik, biri də dördillik.

Prezident İlham Əliyev: Bu məktəb neçə şagird yerlikdir?

Sakin: 132 şagird, çox gözəl məktəbdir.

Prezident İlham Əliyev: Yəni, dərslər sentyabrdan başlayacaq?

Sakin: Bəli, direktor da təyin olunub, müəllim heyəti də formalaşıb.

Prezident İlham Əliyev: Çox gözəl.

Sakin: Hər şey əladır, maşallah.

Prezident İlham Əliyev: Təbiət də, maşallah, göz oxşayır.

Sakin: Maşallah gününüz olsun.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz, bilirsiniz, bəlkə də dünyada sizin qədər əzab-əziyyət çəkən ikinci belə insanlar yoxdur.

Sakin: Ən az əhali, çox şəhid verən, Xocalı balaca bir yerdir.

Prezident İlham Əliyev: Bəli.

Sakin: Cənab Prezident, arabir oraya baxıram, öz-özümə fikirləşirəm ki, həmin gecə mən o dağı necə aşmışam?

Prezident İlham Əliyev: Qarqar çayının qırağı ilə?

Sakin: Yox, Qarqarın o biri üzünə keçdik.

Prezident İlham Əliyev: O dağın ətəyi ilə?

Sakin: Biz dağın ətəyindən keçdik, üç günə Ağdamın Şelli kəndinə çatdıq. O beşmərtəbədə qalan insanlardan biri də biz olmuşuq.

Prezident İlham Əliyev: Çayı keçdiniz, dağın ətəyi ilə getdiniz.

Sakin: Bəli dağın ətəyi ilə, orada Naxçıvanlı kəndi var idi.

Prezident İlham Əliyev: Bəli, bilirəm, orada olmuşam.

Sakin: Oranın yanından keçib Ağdamın Şelli kəndinə getdik.

Prezident İlham Əliyev: Həmən o faciə günü?

Sakin: Orada da pusqu qurmuşdular.

Prezident İlham Əliyev: Orada da pusqu qurmuşdular?

Sakin: Bəli, onu mən gözümlə gördüm, cənab Prezident, borunu deşib qazı yandırmışdılar. Soyuğa düşmüş camaat da o istiyə qaçdı. İnsanların çoxunu orada əsir götürdülər. Bəli, belə bir pusqu qurmuşdular. İnsan soyuqda haraya qaçar, istiyə. Adamlarımızın çoxunu orada əsir götürdülər.

x x x

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Sənətkarlar məhəlləsinə gəldilər, əvvəlcə “AzeRobot Education” robototexnika tədris mərkəzinin Xocalıdakı filialında yaradılan şəraitlə tanış oldular.

Mərkəzin nümayəndəsi: Mərkəzimiz barədə məlumat verim. “AzeRobot Education” artıq üç ilə yaxındır fəaliyyət göstərir. Xocalıdakı doqquzuncu filialımızdır. Proqramlaşdırma, mühəndislik və robototexnika. Beş yaşında uşaqlardan tutmuş şagirdlərə və gənclərə IT sahəsini tədris edirik. On yeddi modulumuz var, yəni, süni intellekt, kibertəhlükəsizlik, proqramlaşma. Uşaqları, şagirdləri hazırlayıb həm yerli, həm də beynəlxalq yarışlara gedirik və Azərbaycanı təmsil edirik.

Prezident İlham Əliyev: Yəni, məktəbdən sonra uşaqlar buraya gəlib məşğul olacaqlar?

Mərkəzin nümayəndəsi: Bəli, məktəbdən sonra və Xocalıda da artıq bu fəaliyyət başlayıb. Səksənə yaxın müəllimimiz var. Müəllimlərimiz gənclərdir. Universiteti bitirən kimi, hər bölgədən gənclərimiz var və onlar, hər kəs əlbəttə ki, Qarabağa gəlmək istəyirdi. Xocalıdan da olan mentorlarımız var idi. İki ildir onları hazırlayırdıq, həsrətlə bu günü gözləyirdilər.

Prezident İlham Əliyev: Xankəndidə Qarabağ Universiteti də sentyabr ayından fəaliyyətə başlayır. Ora ilə də yəqin ki, əlaqəniz olacaq.

Mərkəzin nümayəndəsi: Bizim bütün universitetlərlə əlaqəmiz var. Mexatronika, kompüter, IT sahəsində tələbələr hazırlaşırlar. Onları – uşaqları, gəncləri öyrədirik ki, artıq silahla yox, bu dəfə özlərinin yığdığı pilotsuz uçuş aparatları ilə torpaqlarımızı qorusunlar.

Prezident İlham Əliyev: Bəli, əlbəttə. İnşallah.

x x x

Sonra “Nakhishli” atelyesi ilə tanışlıq oldu.

Prezident İlham Əliyev: Salam.

Atelyenin əməkdaşı: Həmişə Siz gələsiniz. Çox şadam. Bu gün o qədər şadam ki, mən Sizi Xocalıda qarşılayıram. Ən böyük arzularımdan birinə çatmışam.

Prezident İlham Əliyev: Həm də iş başında.

Atelyenin əməkdaşı: Bəli iş başında, ən sevdiyim iş başında. Buraya gəlmək üçün çox çətinliklərdən keçmişik.

Prezident İlham Əliyev: Allah işinizi avand eləsin.

Atelyenin əməkdaşı: Çox sağ olun. Çox şadam.

Mehriban xanım Əliyeva: Salam. Mən də çox şadam bu günü bir yerdə yaşayırıq. Sizi təbrik edirəm.

Atelyenin əməkdaşı: Sizi təbrik edirəm. Buralarda Sizin hamınızın əziyyəti var. Xocalıda şəhid olanların hamısının ruhu bu gün şaddır. Ona görə ki, bizim belə Prezidentimiz var, belə birinci xanımımız var. Mən həqiqətən çox şadam. Ulu Öndər Heydər Əliyevi həddən artıq çox sevirdim. İndi də Sizi çox sevirəm. Onun da ruhu şad olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Sonra birgə foto çəkdirildi.

x x x

Prezident İlham Əliyev: Sağ olun, Sizi təbrik edirik.

Atelyenin əməkdaşları: Çox sağ olun, gələn ayaqlarınız var olsun. Allah Sizi qorusun.

x x x

Dövlətimizin başçısı və birinci xanım “Gilabi Ceramic” emalatxanası ilə tanış oldular.

Prezident İlham Əliyev: Siz Bakıdan gəlmisiniz?

Emalatxananın əməkdaşı: Bakıdan gəlmişik. Düzdür, başlanğıc olaraq Bakıda başlamışıq.

Elçin Yusubov: Bölgələrimizdə də var.

Emalatxananın əməkdaşı: Laçında başlamışıq. Bu ailə Laçındandır.

Prezident İlham Əliyev: Laçından? Nə yaxşı.

Emalatxananın əməkdaşı: Laçına köç etmiş sakinlərdir. Yəni, Laçında artıq fəaliyyətə başlayıblar.

Prezident İlham Əliyev: Laçında işləyirlər?

Elçin Yusubov: Bəli, işləyirlər.

Qadın işçi: Kollektivimiz adından Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Emalatxananın əməkdaşı: Başlanğıc üçün Bakıdan işçi çağırmadıq.

Elçin Yusubov: Özümüzdə var, Qarabağımızda var.

Emalatxananın əməkdaşı: Daha yaxından.

Prezident İlham Əliyev: Laçın kimi gözəl mənzərəli yerdən gəlmisiniz, daha da gözəl yerə.

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Emalatxananın əməkdaşı: Salam, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Laçında işlər necə idi, yaxşı idi?

Emalatxananın əməkdaşı: Cənnəti daha da cənnət etmisiniz.

Prezident İlham Əliyev: Laçın onsuz da cənnətdir, mən demişəm, Azərbaycanın yəqin ki, ən gözəl rayonlarından biridir, özü də indi abadlıq işləri aparılandan sonra. Mən demişdim ki, biz Qarabağı cənnətə çevirəcəyik. Yavaş-yavaş çeviririk. Xocalı da elə olacaq.

Emalatxananın əməkdaşları: Çox sağ olun. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sizi təbrik edirik. Sağ olun.

Mehriban xanım Əliyeva: Təbrik edirəm.

Emalatxananın əməkdaşları: Sağ olun.

X X X

Daha sonra “Sariban” peşə inkişaf mərkəzinin filialı tanışlıq oldu.

Mərkəzin əməkdaşı: Xocalımıza xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun. Salaməleyküm.

Mərkəzin əməkdaşı: Xoş gördük, cənab Prezident. Sizi görməyə çox şadıq.

Prezident İlham Əliyev: Siz hansı işlərlə məşğul olursunuz?

Mərkəzin əməkdaşı: Peşə inkişaf mərkəzi olaraq Xocalı sakinlərinə mədəniyyətimizlə bağlı sənət sahələrini öyrədəcəyik. Bundan əlavə, Xocalıda məskunlaşacaq sakinlərə müxtəlif peşələr öyrədəcəyik, master-klaslar keçiriləcək.

Prezident İlham Əliyev: Yəni, rəssamlıq, yoxsa?

Mərkəzin əməkdaşı: Rəssamlıq da daxildir, təbii-dekorativ sənət növləri də. Şamın hazırlanması, vitraj sənəti, yəni, buraya xalq yaradıcılığı da aiddir.

Prezident İlham Əliyev: Yəni, bura təlim mərkəzi olacaq?

Mərkəzin əməkdaşı: Təlim mərkəzi olacaq, eyni zamanda, mentorluq proqramı da düşünmüşük, Xocalı sakinləri öyrəndikdən sonra digərlərinə də öyrətsinlər.

Prezident İlham Əliyev: Çox yaxşı, sizi təbrik edirəm. Sağ olun.

Mehriban xanım Əliyeva: Sizi təbrik edirəm.

Mərkəzin əməkdaşı: Mehriban xanım, Sizi görməyə çox şad olduq. Sağ olun, bayramınız mübarək.

x x x

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinin Baş planı ilə də tanış oldular.

x x x

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev: Salam, cənab Prezident.

Prezident İlham Əliyev: Gedək, bizə göstərsinlər Xocalının gələcəyi necə olacaq?

Sakin: İnşallah, Xocalının gələcəyi bundan da gözəl olacaq.

Anar Quliyev: Cənab Prezident, Xocalının Baş planını hazırlayarkən biz, ilk növbədə, onun regiondakı mövqeyini nəzərə aldıq. Çox strateji mövqeyə malikdir. Bu, beynəlxalq hava limanıdır. Bu, Xocalı şəhəridir. Bu isə Xocalı rayonunun sərhədləridir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu. Bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir.

Eyni zamanda, strateji əhəmiyyətə malik Ağdam, Xankəndi şəhərlərinin, bizim mədəniyyət paytaxtımız Şuşa şəhərinin çox yaxında yerləşdiyini də nəzərə alaraq, regionla inteqrasiyasına xüsusi önəm verilib. Bu tərəfdə Xocalı şəhərinin tünd qəhvəyi rənglə əvvəl mövcud olmuş sərhədləri göstərilib, 610 hektar təşkil edirdi. Hazırda isə biz 1300 hektara yaxın ərazini nəzərdən keçiririk.

Prezident İlham Əliyev: Burada nə idi o vaxt? İşğala qədər ora boş torpaq idi?

Anar Quliyev: Boş torpaqdır, bəli. Bura kiçik bir yaşayış məntəqəsi idi. 9100 nəfər əhalisi var idi.

Prezident İlham Əliyev: Qeydiyyatda 9100?

Anar Quliyev: Bəli, qeydiyyatda 9100. Biz ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırırıq. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır.

İcazənizlə, növbəti planşetdəkilər barədə məlumat verim. Burada gələcəyə baxış hədəflərini əks etdirmişik. Təbii ki, Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər. Təbii ki, bu gün artıq bir neçəsi Sizə də təqdim olundu. Bərpa olunan evlər də vacib elementlərdən biridir.

Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək. Burada çox zəngin kənd təsərrüfatı torpaqları olduğunu nəzərə alaraq, şəhər daxilində kiçik aqropark yaradılması təklif olunur. Müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye, qida sənayesi obyektləri yaradılacaq, nəqliyyat və logistika ənənəvi əsas sektor olaraq inkişaf etdiriləcək.

Prezident İlham Əliyev: Yəni, müasir şəhər olacaq.

Anar Quliyev: Bəli, müasir şəhər.

Prezident İlham Əliyev: Mən dəmir yolu ilə də bağlı göstəriş verdim. Ağdam-Xankəndi dəmir yolunun bərpası, yəni yenidən qurulması layihəsi hazırlanır. Xankəndi dəmir yolu vağzalının layihəsi mənə təqdim edilmişdir. Yəqin ki, o vağzal bir az fərqli yerdə yerləşəcək, daha uyğun. Ona görə də dəmir yolu ilə buradan - Xankəndidən, Xocalıdan istənilən istiqamətə getmək mümkün olacaq. Həm Bakıya, həm qərb istiqamətinə, Gəncəyə. Ona görə də gediş-gəliş rahat olacaq. İndi Ağdam, Əsgəran, Xankəndi yolunu da genişləndiririk. Siz yaxşı bilirsiniz ki, o yol dar idi.

Sakin: Çox dar idi, cənab Prezident.

Prezident İlham Əliyev: İndi dördzolaqlı yol olacaq. Yəqin ki, Ağdam-Bərdə yolunu görmüsünüz. Necə də gözəl olub. Bu tərəfdən də Şuşaya cəmi 20 dəqiqəlik yoldur, oradan Laçına. Laçın-Şuşa yolunda bir neçə tunel, körpü inşa edilir. Yəqin ki, siz o yol ilə çox gedib-gəlmisiniz. Hamısı belə serpantin idi. Bu serpantinləri də düzəldirik, körpülər, tunellər. Şuşadan Laçına maksimum 25 dəqiqəyə getmək mümkün olacaq. Deməli, buradan bütün yaxın qonşu rayonlara da gediş-gəliş çox rahat olacaq.

Xankəndidə Qarabağ Universiteti, uşaqlarınız orada oxuyacaqlar. Şuşa da ki, indi dünyanın ən gözəl şəhəridir və olacaq.

Sakin: Bir də, cənab Prezident, mümkünsə Xocalıda Soyqırımı muzeyi.

Prezident İlham Əliyev: Mən fevralın 26-da təməlini qoymuşam.

Sakin: Muzeyin?

Prezident İlham Əliyev: Bəli.

Sakin: Gözəl, çox sağ olun. O, vacibdir. Çünki o, bizim Xocalı camaatı üçün çox vacibdir, çünki burada çox insan şəhid olub.

Prezident İlham Əliyev: Fevralın 26-da mən burada idim. Özüm o layihənin təməlini qoydum. Soyqırımı Memorial Kompleksinin təməli qoyulub. Mən artıq bunu dedim bacımıza ki, Bakıda nəzərdə tutulurdu. Ancaq mən onun Bakıda inşa olunmasına hər dəfə tərəddüd edirdim. Deyirdim ki, yox, gün gələcək, Xocalıda bunu edəcəyik. Layihə çoxdan hazırdır. Mehriban xanım onu çoxdan təsdiqləyib. Heydər Əliyev Fondu tərəfindən hazırlanıb və Heydər Əliyev Fondu tərəfindən inşa edilir.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Üç ay bundan əvvəl təməli qoyuldu. Yer də elə seçildi ki, yoldan görünsün, təpəcikdə. Yəqin ki, bir ilə, il yarıma hazır olacaq.

Sakin: İnşallah.

Prezident İlham Əliyev: Burada məşğulluq, ticarət, sənaye.

Anar Quliyev: Bəli, nəqliyyat, logistika, kənd təsərrüfatı, ticarət və sənaye - əsas iqtisadiyyatın dayaqlarını təmin edəcək bu region üçün.

Prezident İlham Əliyev: Yaşıl enerji.

Anar Quliyev: Mütləq, bəli. Cənab Prezident, bir az öncə qeyd etdiyiniz kimi, çox yaxındır qonşu yaşayış məntəqələrinə, Xocalını Əsgəranla cəmi 5 kilometr, Ağdam şəhərindən isə cəmi 10 kilometr ayırır. Xankəndiyə 11 kilometr, Şuşaya isə 7 kilometrdir. Bununla artıq Xocalının gələcəyi özü təbii olaraq şərtləndirilir. Bu, regional bir haba çevriləcək, tranzit nöqtəsinə. Bu, iqtisadiyyatın, iqtisadi fəaliyyətin həm cəmləşdiyi, həm də kənara inkişaf edəcəyi bir məkandır.

Prezident İlham Əliyev: Burada zonalara bölünür.

Anar Quliyev: Bəli, artıq konseptual sxem Baş plana keçməmişdən əvvəl şəhərin tarixi mərkəzi. Biz hazırda bu hissədəyik. Şəhərin yeni mərkəzi salınacaq. Aşağıda hava limanı və onun ətrafında logistika, sənaye zonası kimi inkişaf etdiriləcək. Hava limanının üstündə arxeoloji park mövcuddur. Artıq o, qorunacaq, inkişaf etdiriləcək, konservasiya işləri aparılır.

Prezident İlham Əliyev: Qarqar çayının ətrafı da yəqin daha da abadlaşacaq, gözəl bir gəzinti məkanı olacaq. Xankəndidən bu tərəfə gözəl bir istirahət zonası olmalıdır.

Anar Quliyev: Həm Qarqar çayının, həm də Qarqar çayına gələn Badara çayının ətrafında bulvar yaradılması nəzərdə tutulur. İnkişaf zonası, həmin Memorial Kompleks artıq şəhərin bu hissəsindədir. Növbəti slaydda, planşetdə Baş plan daha təfsilatlıdır.

Prezident İlham Əliyev: Memorial Kompleks haradadır?

Anar Quliyev: Burada, bu ərazidə. Biz hazırda buradayıq. Burada məktəb artıq bərpa olunub, yaxınlıqdadır. Bu, faktiki tarixi mərkəzdir və bu hissədə isə şəhərin yeni mərkəzi salınacaq. İnzibati zona, şəhər parkı, mədəniyyət mərkəzi, çoxfunksiyalı zonalar, hava limanı və ətrafında sənaye-logistika zonası. Bu hissədə aqroparkın inkişaf etdirilməsi, müvafiq olaraq texniki peşə məktəbinin layihələndirilməsi və tikintisi planlaşdırılır. Bu, məktəb, bu da yaşayış məntəqəsidir. Kənd təsərrüfatı torpaqlarından sonra bir az məsafədə yerləşdiyi üçün orada da məktəb nəzərdə tutulub. Hər altmərkəzdə məktəblər və uşaq bağçaları olacaq.

Biz təxminən 200 hektar təşkil edən həmin bu mərkəzi hissənin artıq müfəssəl planını hazırlamışıq. Yenə biz durduğumuz məkan buradır. Göründüyü kimi, bu hissədə ictimai, işgüzar zona - yəni, çoxfunksiyalı mədəni mərkəz, inzibati binalar və çox böyük şəhər parkı olacaq. Ümumiyyətlə, bütün şəhər boyu yaşıl zonalar bir-biri ilə əlaqələndiriləcək və şəhər çox yaşıl olacaq. Adambaşına 140 kvadratmetr yaşıllıq nəzərdə tutulur.

Prezident İlham Əliyev: Bu da bunun vizual görüntüsü, memarlığıdır.

Anar Quliyev: Memarlıq həlləri ilə bağlı yanaşmalardır. İctimai binalarla bağlı, müvafiq evlər, yaşayış binaları. Bəli, landşaft memarlığına xüsusi diqqət yetiriləcək. Nəqliyyat və mühəndis qurğuları da şəhərin simasını təşkil edir.

Prezident İlham Əliyev: Avtovağzal.

Anar Quliyev: Avtovağzal, bəli, avtonəqliyyat qovşağı, dəmir yolu stansiyası - hamısı bir məkanda yerləşəcək.

Prezident İlham Əliyev: Bir də əlbəttə ki, təbiətin qorunması. Əsas odur ki, Xocalı gözəl bir park şəhəri olsun.

Anar Quliyev: Bunlar istinad olunan şəkillərdir. Burada isə konkret artıq ilkin təkliflər hazırlanıb. Məsələn, bu hissədə yaşayış binalarının görüntüləridir. Müfəssəl planda da görünür, həmin yaşayış binaları yerləşəcək zona buradır. Çayətrafı bulvarın şəkli, yəni, bu ərazidən söhbət gedir. Şəhər parkı, təxminən bu hissədən söhbət gedir. Həmin şəhər parkının olduğu hissədə çoxfunksiyalı mədəniyyət mərkəzi...

Prezident İlham Əliyev: Tədbirlərin keçirilməsi üçün.

Anar Quliyev: Bəli, müxtəlif tədbirlər keçiriləcək. İlkin fasad görüntüləri artıq hazırlanıb. Eyni zamanda, uşaq bağçası və tam orta məktəbin birlikdə göründüyü şəkil.

Prezident İlham Əliyev: Uşaq bağçası yoxdur?

Anar Quliyev: Var.

Prezident İlham Əliyev: Məktəbin içində?

Anar Quliyev: Xeyr, ayrı, 40 yerlik. Amma bu layihədəki yenidir, şəhərin bu hissəsində layihələndiriləcək.

Prezident İlham Əliyev: Yeni məktəb, əlbəttə, lazım olacaq, yəni müəyyən müddətdən sonra.

Anar Quliyev: Dəmir yolu stansiyasının ilkin fasad görünüşü hazırlanıb. İnzibati binalarla bağlı fasad görüntüləri ilkin olaraq bu şəkildə təklif olunur.

Prezident İlham Əliyev: Bu da inzibati mərkəz.

Anar Quliyev: Bəli, üç binadan ibarət inzibati mərkəzdir - bütün dövlət qurumlarının yerləşəcəyi inzibati mərkəz.

Prezident İlham Əliyev: Necə, bəyənirsiniz Xocalını gələcək üçün?

Sakinlər: Çox sağ olun. Allah Sizi var eləsin. Yüksək səviyyədədir.

Prezident İlham Əliyev: Yağışda bir az gəzişək.

Sakin: Yağış da aydınlıqdır, nurdur.

Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm.

Sakinlər: Çox sağ olun, cənab Prezident, var olun. Sağ-salamat gedin.

Prezident İlham Əliyev: Burada xoşbəxt yaşayın.

Sakinlər: Sağ olun, minnətdarıq. Siz bizim torpaqlarımızı qaytarmısınız.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın. Siz buna layiqsiniz.

Sakinlər: Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Bir daha təşəkkür edirəm, gələn ayaqlarınız var olsun. Cənab Prezident, sağ olun, bizə ən böyük xoşbəxtliyi bəxş etmisiniz. Allah Sizi qorusun, ailənizi qorusun. Dəmir yumruğunuz həmişə var olsun.

Prezident İlham Əliyev: Həmişə yerindədir. Allah lazım etməsin, amma lazım olarsa, yerindədir.

Sakin: Cənab Prezident, lazım olan yerdə lazım oldu.

Sakinlər: Allah Sizə güc-qüvvət versin. Allah Sizi var eləsin. Sağ olun. Sağ-salamat gedin.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

x x x

Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.

Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, mini-futbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.

* * *

14:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəziblər, burada görülən işlər və Xocalı şəhərinin Baş planı ilə tanış olublar.

AzVision.az

Qalereya




Teqlər: Prezident   Xocalı  





Xəbər lenti