Pilot təliminə görə Kiyev ilə Qərb arasında konflikt yaranıb - "Politico"

   Pilot təliminə görə Kiyev ilə Qərb arasında konflikt yaranıb    - "Politico"
  14 İyun 2024    Oxunub:1385
"Ukrayna rəsmiləri Qərb müttəfiqləri ilə F-16 qırıcıları üçün pilotlara keçirilən təlimlərin sürəti və miqyası ilə bağlı gərgin müzakirələr aparırlar. Kiyev tərəfdaşlarından proqramı genişləndirməyi tələb edir. Lakin müttəfiqlər deyirlər ki, ukraynalı pilotlar hələlik kütləvi şəkildə F-16-nı idarə etməyə hazır deyillər".
Bu fikirlər Politico-da dərc olunan məqalədəndir.

Kiyev Hollandiyadan ilk F-16-ları bu yay əldə edəcək
Kiyev rəsmiləri bildiriblər ki, Ukraynanın məlum təyyarələrdə təlimlərə başlamağa hazır olan 30 pilotu var. Lakin ABŞ və Danimarkadakı təlim mərkəzlərində kifayət qədər yer olmadığı üçün onlar məşqlərə qatıla bilmirlər. Rəsmilər, döyüş meydanında ruslara qarşı uğurlu müqavimət üçün belə müasir təyyarələri idarə etməyə hazır olan daha çox pilota təcili ehtiyac olduğunu söyləyiblər.

Amma ABŞ rəsmiləri bəyan edirlər ki, təyyarələr Ukraynaya tranş şəklində gələcək. Bundan başqa, Arizonadakı məşhur təlim mərkəzi eyni vaxtda yalnız 12 pilota təlim keçə bilər.

ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksək rütbəli məmurlarından biri yaranmış durumu şərh edib. O, qeyd edib ki, "Ukraynalılar bu imkanlardan yararlanmağa başlayanda, hamımız istəyəcəyik ki, təyyarələrdən səmərəli istifadə edə bilsinlər. F-16 ilk gün məhv edilsə, demək bu tədbirlərin heç bir xeyri olmayacaq".

Eyni zamanda, Pentaqon rəsmisi hazırda 30 Ukrayna pilotunun bekar qalaraq sadəcə təlimlərə başlamağı gözləməsi barədə yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, növbədə olan ukraynalıların sadəcə ingilis dili və uçuş proqramı ilə bağlı problemləri var.

Qeyd edək ki, bir neçə gün öncə Hollandiya Ukraynaya ilk F-16 qırıcılarını 2024-cü ilin yayında göndərəcəyini bəyan edib. Müdafiə naziri Kaysa Ollonqren “Yevropeyskaya Pravda” nəşrinə müsahibəsində deyib ki, müvafiq prosedurlar plan üzrə gedir, təyyarələr Kiyevə əvvəlcə Danimarkadan, sonra isə Hollandiyadan gələcək.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Qərb ölkələri isə bu ildən başlayaraq F-16-ların verilməsi, pilot hazırlığı məsələlərini aktivləşdiriblər.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Ukrayna   Qərb   F-16   Təyyarə  





Xəbər lenti