Polşa Ukraynanın bərpasında iştirak etməyi planlaşdırır

   Polşa    Ukraynanın bərpasında    iştirak etməyi planlaşdırır
  20 İyun 2024    Oxunub:809
Polşa Seyminin Xarici Əlaqələr Komitəsinin sədri, Ukrayna ilə Əməkdaşlıq Şurasının rəhbəri Pavel Koval Polşanın Ukraynada aparılacaq bərpa işlərində iştirak etməsinin zəruri olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Pavel Koval “Rzeczpospolita” qəzetinə müsahibəsində polşalı sahibkarların Ukrayna bazarının açılmasından qazanc götürdüklərini deyib. Ötən il Ukraynaya Polşa ixracının həcmi 13 milyard ABŞ dolları təşkil edib ki, bu da rekord göstəricidir.

“Polşasız Ukraynanın bərpası olmayacaq. Polşalı sahibkarlar artıq Ukrayna bazarının açılmasından pul qazanırlar... Üstəlik, bu gün Avropa İttifaqının Ukraynaya ixracının üçdə biri Polşadan gəlir”, - deputat vurğulayıb.

Parlamentarinin sözlərinə görə, Vrotslav, Qdansk, Rzeşov, Lodz və Polşanın digər şəhərləri, habelə bu şəhərlərdə yerləşən müəssisələr Ukraynadakı bərpa işlərində iştirak etmək istəyirlər. Hakimiyyət onlara bu imkanı təqdim etməyi planlaşdırır və indi qanunvericiliyə müvafiq dəyişikliklərlə bağlı ekspert rəyləri hazırlanır.

Bu ilin mart ayında Polşanın Mərkəzi Statistika idarəsinin hesabatına istinad edən “Rzeczpospolita” qəzeti 2022-ci ilin fevralında hərbi əməliyyatların başlanmasından bəri Polşanın Ukraynaya ixracının əhəmiyyətli dərəcədə artdığını yazıb. Ötən ildə onun həcmi rekord həddə - 51,7 milyard zlotıya (təxminən 13 milyard dollar), Polşanın Ukraynadan idxalı isə 20,3 milyard zlotıya (təxminən 5 milyard dollar) çatıb. Ukrayna ilə müsbət ticarət saldosu 31,4 milyard zlotıya (7,85 milyard dollar) bərabər olub.

Qarşılıqlı ticarət dövriyyəsindəki yüksəliş əsasən Polşadan silah-sursat, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, eləcə də qida, içki və gübrələrin tədarükünün artması ilə bağlıdır. Ukrayna isə öz növbəsində ərzaq məhsulları, taxıl, un, şəkər, kolza yağı və heyvan yemi tədarükünü artırıb.

Bu ilin fevralında Ukraynanın “Forbes” nəşrinin yazdığına görə, rəsmi Kiyev Ukrayna taxılının tədarükünə qarşı tədbirlərin cavabında Polşa ilə ticarətə məhdudiyyətlərin tətbiq olunmasını müzakirə edirdi. 2022-ci ildə Avropa İttifaqı Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına rüsum və kvotaları ləğv etdikdən sonra bir sıra Avropa ölkələrində Ukrayna istehsalçıları ilə rəqabətdən narazı olan fermerlərin etiraz aksiyaları başladı. Ötən ilin yazında isə Polşa Ukraynanın ixrac etdiyi həmin məhsulların tədarükünə birtərəfli qadağa qoyan ilk ölkələrdən biri oldu və 2024-cü ilin əvvəlində Polşa-Ukrayna sərhədində fermerlərin və məhsul daşıyıcılarının etirazları gücləndi. Həmin vaxt Polşa hakimiyyəti hətta Ukrayna ilə sərhədin tamamilə bağlana biləcəyini də istisna etmirdi.

Amma indi Rusiyaya qarşı ümumi mübarizə belə ixtilafları arxa plana keçirib. Həm də Polşa Qərbin Ukraynaya hərtərəfli yardım göstərməsini tələb edən və alqışlayan ölkələrin ön sırasında gedir.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Polşa   Ukrayna  





Xəbər lenti