Qazaxıstan türk silahına arxalanır

 Qazaxıstan  türk silahına  arxalanır
  05 Yanvar 2025    Oxunub:1191
Türkiyə yaxın illərdə Xəzər dənizində Qazaxıstan üçün müasir hərbi donanma quracaq. Bunun üçün hələ 1941-ci ildə Leninqraddan Qazaxıstanın Uralsk şəhərinə köçürülmüş “Zenit” zavodunu ciddi şəkildə modernləşdirməli olacaqlar. Söhbət Atırau dəniz limanı ərazisində və ya Manqışlak yarımadasında mükəmməl hərbi-dəniz bazalarının yaradılmasından gedir.
Moskva və Astana 2014-2015-ci illərdə Qazaxıstan donanmasının hərbi gəmilərlə təmin edilməsi barədə razılığa gəlmişdilər. Rusiya Federasiyası Qazaxıstan üçün iki minaaxtaran gəminin istehsalına başlayıb. Bununla belə, sonrakı illərdə Astana ABŞ-dan (“Defender” sinif qayıqları), Cənubi Koreyadan (“Çamsuri” sinifli üç patrul gəmisi və hidroqrafik tədqiqat gəmisi) və Almaniyadan (“Abeking & Rasmussen” şirkətinin raket və artilleriya gəmlərini) gəmilər aldı. Bu, Rusiyanın Qazaxıstanda təsirinin zəifləməsini göstərir - Astana digər ölkələrlə müdafiə əlaqələrini intensiv şəkildə inkişaf etdirir.

Son on il yarım ərzində Türkmənistan Xəzər dənizində Türkiyənin köməyi ilə güclü donanma yaradıb. Məhz Türkiyə layihəsinə əsasən, Türkmənistanın ən böyük gəmisi və Xəzər dənizində böyük döyüş gəmilərindən olan “Dəniz Xan” korveti 2021-ci ildə istifadəyə verilib. Türkiyə layihələrinə əsasən, türkmən sərhədçiləri üçün çoxlu raket, raket-artilleriya və digər katerlər istehsal edilib. Üstəlik, Aşqabad 10 il əvvəl Rusiyadan iki “Project 12418” raket kateri alıb.

Hazırda Astana Türkiyə ilə hərbi əməkdaşlığı fəal inkişaf etdirir. 2022-ci ilin mayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada uzaqmənzilli döyüş PUA-larının birgə istehsalına dair razılığa gəlib. Astana həmçinin Ankaradan onlarla başqa orta və uzaq mənzilli “Bayraktar Akıncı”, “Bayraktar TB2” və “Bayraktar TB3” pilotsuz təyyarələri alıb. Bu maşınların NATO üzvü olan Türkiyə üçün kəşfiyyat məlumatları toplamağa başlaması Pekini qorxdur.


2023-cü ilin aprelində Türkiyənin “Aselsan” şirkəti Qazaxıstana uzaqdan idarə olunan silahlı modulların, “döyüş stansiyalarının” tədarükünü elan etdi. Astana Türkiyənin “OTOKAR” şirkətindən ümumi dəyəri 4,4 milyard dollar olan 834 ARMA zirehli maşını almaq niyyətini təsdiqləyib. Moskva ilə Qazaxıstan arasında uzun müddətdir ki, oxşar həcmdə müqavilələr olmayıb.

Qazaxıstan desantçıları komandirinin müavini general-mayor Mahmud Telequsov köhnəlmiş “S-300” zenit-raket kompleksindən qurtulmağa çağırıb: “Onların ehtiyat hissələri Rusiyadan alınır və Rusiya istənilən vaxt onların tədarükündən imtina edə bilər. “S-300” əvəzinə son hərbi münaqişələr zamanı özünü doğrultmuş NATO hava hücumundan müdafiə sistemlərini almalıyıq”.

Başqa sözlə, Qazaxıstan Sovet/Rusiya hərbi texnikasından tədricən xilas olur. Ordunun rabitə və koordinasiya sistemləri Amerika və Türkiyə sistemlərilə əvəzlənir. Onların istifadəsi Qazaxıstanda hər il baş tutan “Çöl Qartalı” manevrlərində sınaqdan keçirilir.

Astana türklərin köməyi ilə həm də Xəzər dənizində müasir iritutumlu mülki yük donanması əldə etmək niyyətindədir. Ankara, Ərdoğanın dediyi kimi, Astananın zəngin taxıl imkanlarının potensialından istifadə etməyə çalışır və Orta Dəhlizin ilk növbədə Qazaxıstan buğdası ilə yüklənməsi planlaşdırılır. Gələcəkdə eyni marşrutla neft və qaz da Türkiyəyə və daha sonra Qərbə gedəcək.

Qeyd edək ki, 2022-ci ilin sonunda Ankara ilə Astana arasında ticarət dövriyyəsi 7 milyard dolları ötüb (bu, 2021-ci illə müqayisədə 66% çoxdur). Türkiyə Qazaxıstanın əsas ticarət tərəfdaşları siyahısında Çini 2-ci yerə sıxışdıra və 1-ci yer uğrunda Rusiya ilə rəqabətə girə bilər. Oxşar vəziyyət Türkiyə ilə digər Orta Asiya dövlətləri arasında da müşahidə olunur.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Qazaxıstan   Türkiyə  





Xəbər lenti